Bakı, 12 noyabr, AZƏRTAC Xarici ölkələrdə yaşayan və çalışan azərbaycanlı alimlərin, mühəndislərin və müxtəlif sahələrin mütəxəssislərinin vahid platformalarda birləşdirilməsi diaspor fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bu məqsədlə xaricdə çalışan azərbaycanlı həkimlərin, mühəndislərin və elm adamlarının forumları təşkil olunur. Belə təşəbbüslər xaricdəki azərbaycanlıların elmi və peşəkar potensialının ölkəmizlə əlaqələndirilməsinə, onların təcrübəsinin gənc nəslə ötürülməsinə xidmət edir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib. O, Əmirulla Məmmədovun elmi fəaliyyətini yüksək qiymətləndirərək alimin beynəlxalq elmi əlaqələrin, xüsusilə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafında rolunu qeyd edib. Bildirib ki, onun müxtəlif ölkələrdə qazandığı təcrübə və elmi nailiyyətləri Azərbaycanın müdafiə sənayesi və texnoloji potensialının inkişafı baxımından da əhəmiyyətlidir.Komitə rəsmisi Əmirulla Məmmədovun həyat və fəaliyyət yolunun gənc alimlər üçün nümunə olduğunu, onun beynəlxalq miqyasda qazandığı nüfuzun Azərbaycan elminin tanıdılmasına töhfə verdiyini diqqətə çatdırıb. Müxbir-Tünzalə Arazlı Fotoqraf-Orxan Kərimov