Azərbaycan və Gürcüstan strateji infrastrukturların müdafiəsi üçün birgə hərbi mərkəz, kəşfiyyat məlumatlarının mübadiləsi və ortaq təlim mexanizmləri yarada bilər
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri regional təhlükəsizlik müstəvisində yeni mərhələyə keçə bilər. Musavat.com-a istinadla, bu barədə “Qrusiya online”yə Gürcüstanlı hərbi ekspert Vaxtanq Maisaya deyib. Maisaya deyib ki, Gürcüstanın müdafiə sistemində Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir, Azərbaycanda da analoji struktur mövcuddur. Bu qurumlar arasında birbaşa əlaqələrin qurulması, təcrübə və texniki biliklərin bölüşdürülməsi hərbi kibermüdafiənin gücləndirilməsinə töhfə verə bilər.
Azərbaycan və Gürcüstanın müdafiə sahəsində əlaqələrinin inkişafı üçün siyasi və institusional zəmin də mövcuddur. Son olaraq Şuşada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovanı ilə görüşüb. Görüş Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin 13-cü üçtərəfli toplantısı çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın perspektivlərini, birgə hərbi təlimlərin intensivləşdirilməsini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfəsi vurğulanıb.Vaxtanq Maisaya bu əməkdaşlığın daha konkret istiqamətlər üzrə inkişaf etdirilməsini təklif edir. Onun fikrincə, ilk növbədə, birgə sülhməramlı qüvvələrin hazırlanması və böhran vəziyyətlərinin idarə olunması üzrə mərkəzin yaradılması imkanlarına baxılmalıdır.
Belə bir mərkəzin əsas vəzifələrindən biri strateji infrastrukturun, xüsusilə enerji və kommunikasiya sistemlərinin mühafizəsi üzrə ümumi yanaşmaların hazırlanması ola bilər. Boru kəmərləri, qazötürücü və kompressor stansiyaları, elektrik xətləri kimi obyektlərin təhlükəsizliyi iki ölkənin ortaq geostrateji maraqları ilə birbaşa əlaqəlidir.
Ekspert ikinci istiqamət kimi Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin əməliyyat uyğunluğunun artırılmasını göstərir. Buraya hərbi koordinasiyanın təkmilləşdirilməsi, birgə fəaliyyət ssenarilərinin hazırlanması və strateji obyektlərin qorunması üzrə təlimlərin keçirilməsi daxildir.
Üçüncü istiqamət isə hərbi-siyasi məlumatların və razılaşdırılmış mexanizmlər çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsidir. Maisayanın fikrincə, bu, potensial təhlükələrin vaxtında aşkarlanmasına və qarşısının alınması üçün daha səmərəli tədbirlərin görülməsinə imkan verə bilər.
Gürcüstanlı ekspertin diqqət çəkdiyi digər mühüm istiqamət hərbi-texniki əməkdaşlıqdır. Onun fikrincə, Azərbaycan və Gürcüstanın bu sahədə mövcud sənaye potensialı birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır. Maisaya Azərbaycanın müdafiə texnologiyalarının inkişafı və milli hərbi sənaye potensialının artırılması sahəsində əldə etdiyi təcrübəni xüsusi qeyd edir. O hesab edir ki, iki ölkə arasında birgə koordinasiya mərkəzinin yaradılması hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə kömək edə bilər.