İsrail Təhlükəsizlik Kabineti İrana qarşı mümkün hücum ehtimalı ilə əlaqədar orduya hazırlıq səviyyəsini artırmaq barədə göstəriş verib.
Bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni hücuma ehtiyac olmadığını bildirməsinə baxmayaraq, İsrail təhlükəsizlik mənbələri hərbi hazırlıqların davam etdiyini açıqlayıb.
Məlumata görə, İsrail Baş Qərargah rəisi Eyal Zamir yüksək rütbəli hərbi komandirlərlə birlikdə ölkənin İordaniya ilə şərq sərhədinə səfər edib. O, sərhəd boyunca yerləşən hərbi postları və tikintisi davam edən maneələri yoxlayıb.
Zamir bölgədə hərbi hazırlığın gücləndirilməsi, ordunun sərhədlərdə və yaşayış məntəqələrindən kənarda mövcudluğunun artırılması barədə göstəriş verib. O, İsrail ordusunun sürətli dəyişikliklərə və gözlənilməz hadisələrə daim hazır olmalı olduğunu vurğulayıb.
Digər tərəfdən, İsrailin “Yedioth Ahronoth” qəzeti Təhlükəsizlik Kabinetinin bir aydan artıq fasilədən sonra bazar günü toplanacağını yazıb.