Ermənistanın Moskvadakı səfiri əşyalarını toplayır

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan yaxın vaxtlarda ölkəsinə qayıdacaq.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilmiş diplomatın əvəzlənməsi barədə qərarı Ermənistan hakimiyyəti hələ yay aylarında qəbul edib. Lakin yeni diplomatik nümayəndəliyin rəhbərinin təyin olunması prosesi uzandığından Arsenyan vəzifəsini icra etməyə davam edib.

Qəzet səfirin yaxın ətrafına istinadən yazır ki, hazırda o, Ermənistana qayıtmaq üçün əşyalarını toplayır. Bildirilir ki, Arsenyan dövlət əmlakından demək olar ki, istifadə etməyib, bahalı “Bentley” markalı avtomobilini isə Moskvaya özü ilə aparıb. İndi ona bütün əmlakını geri daşımaq lazım gələcək.

Ermənistanın Rusiyadakı yeni səfiri vəzifəsinə daha əvvəl bir sıra Avropa ölkələrində səfir işləmiş, 2004–2010-cu illərdə isə ölkəsini NATO-da təmsil etmiş 67 yaşlı Samvel Mkrtçyanın təyin olunması planlaşdırılır. O, həmçinin Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyanın ana tərəfdən dayısıdır.

Bununla yanaşı, “Hraparak”ın məlumatına görə, Rusiya tərəfi Mkrtçyanın səfir təyin olunmasına aqreman (aqreman beynəlxalq diplomatiyada qəbul edən dövlətin başqa bir ölkənin səfir təyin etmək istədiyi şəxsin namizədliyinə verdiyi rəsmi razılıqdır) verilməsini yubadır.