"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

Cənubi Koreyanın məşhur "BTS" qrupu daha bir beynəlxalq uğura imza atıb. Kollektivin "Swim" mahnısı "Apple Music"in 2026-cı ilin ən yaxşı mahnıları siyahısına daxil edilib.

Qrup bu siyahıda təmsil olunan yeganə K-pop kollektividir.

"Swim" qrupun beşinci studiya albomu olan "Arirang"ın aparıcı mahnısıdır. "Apple Music" tərəfindən hazırlanan siyahıya müxtəlif janrları əhatə edən 100 musiqi əsəri daxil edilib. Seçimlər yalnız dinlənmə sayına deyil, redaktorların həmin mahnıların ilin musiqi mənzərəsinə təsirinə dair qiymətləndirməsinə əsaslanıb.

Platforma "BTS"in dönüşünü 2026-cı ilin K-pop dünyasında ən çox gözlənilən hadisələrindən biri kimi xarakterizə edib. Qeyd edək ki, kollektiv uzun fasilədən sonra musiqi fəaliyyətinə qayıdaraq yenidən beynəlxalq musiqi bazarında ön sıralara yüksəlib.

"Arirang" albomu "Billboard 200" siyahısında 33-cü həftədir yer alır və noyabrın 14-nə aid reytinqdə 62-ci pillədədir. Albom ilk dəfə apreldə siyahının zirvəsinə yüksəlmiş və üç həftə ardıcıl liderliyini qorumuşdu. "Swim" isə "Billboard Global 200" siyahısında 28-ci yerə qədər qalxıb.

Qrupun dünya turnesi də davam edir. Noyabrın 19-da Tayvanın Kaohsiunq şəhərində Asiya mərhələsinə başlayacaq kollektiv daha sonra Banqkok, Kuala-Lumpur, Sinqapur və Cakartada konsert verəcək.