Bakı, 12 noyabr, AZƏRTAC Növbəti ilin dövlət büdcəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 17,1 faiz təşkil edəcək. Bu, cari illə müqayisədə 1,7 faiz bəndi daha azdır. Ortamüddətli dövrdə, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə salınması əsas hədəflərimizdəndir.AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. O bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 1,5 faiz bəndi çox olmaqla, 64,5 faizə çatacaq ki, bu, neftdən asılılığın azalmasının əsas göstəricilərindəndir. Ortamüddətli dövrün sonuna isə bu göstəricinin 70,4 faizə çatdırılması nəzərdə tutulur. “Digər tərəfdən növbəti ilin büdcəsi investisiya yönümlülüyü ilə də fərqlənir. Belə ki, dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 32,5 faizə çatacaq ki, bu da region ölkələrini xeyli qabaqlayır”, - deyə nazir müavini vurğulayıb. Fotoqraf - Aydın Məmmədov