Ermənistanın yeni Konstitusiyası müzakirəyə çıxarılır

Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə ictimaiyyətə açıqlanacaq.

Bu barədə “Joqovurd” məlumat yayıb.

“Bundan sonra layihə ilə bağlı müzakirə və dinləmələr təşkil olunacaq, daha sonra isə Ermənistan parlamentinə təqdim ediləcək.

Yeni Konstitusiya ilə bağlı müzakirə olunan müddəalardan biri də Andlılar Məhkəməsi institutunun tətbiqidir. Lakin bu təklif hətta hakim komanda daxilində də birmənalı dəstək qazanmayıb. Mülkü Müqavilə Partiyasının idarə heyətinin qapalı iclasında hakimiyyət nümayəndələrinin əksəriyyəti Ermənistan şəraitində belə bir sistemin tətbiqinin ciddi problemlər yarada biləcəyindən narahatlığını ifadə edib. Əsas arqument isə belə olub ki, Ermənistanda hamı bir-birini tanıyır, müxtəlif əlaqələrə malikdir və andlıların tam müstəqil, qərəzsiz qərarlar qəbul edə biləcəyinə zəmanət yoxdur.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə etiraz edərək vurğulayıb ki, sabiq prezident Robert Köçəryan və Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan məhz xalqın tələbi ilə həbsdədir. Onun sözlərinə görə, bu, Andlılar Məhkəməsi institutunun faktiki olaraq artıq fəaliyyət göstərdiyini, sadəcə onun institusionallaşdırılmasının zəruri olduğunu göstərir”, - məlumatda deyilib.

Nəşrdə qeyd olunub ki, yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad da çıxarılacaq.