2026-cı il sentyabrın 1-nə Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 776 min 800 nəfər olub. Ötən ilin eyni tarixində bu göstərici 1 milyon 764 min 900 nəfər idi. Bir il ərzində muzdlu işçilərin sayı 11,9 min nəfər və ya 0,7% artıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən, qeyri-dövlət sektorunda muzdla çalışanların sayı bir il ərzində 33 min nəfər artaraq 942,6 minə çatıb. Dövlət sektorunda isə bu göstərici 21,1 min nəfər azalaraq 834,2 minə düşüb. Qeyri-dövlət sektorunun muzdlu məşğulluqdakı payı 51,5%-dən 53,1%-ə yüksəlib.
Muzdlu işçilərin ən çox çalışdığı sahələr ticarət və nəqliyyat vasitələrinin təmiri (18,9%), təhsil (17,5%) və sənaye (13,9%) olub. Bir il əvvəl bu sahələrin payı müvafiq olaraq 19%, 18% və 13,9% təşkil edib.
2026-cı ilin yanvar–avqust aylarında orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 79,2 manat və ya 7,2% artaraq 1 173 manata çatıb. Ötən ilin eyni dövründə orta aylıq əməkhaqqı 1 093,8 manat, illik artım isə 9,7% olub.
Oktyabrın 1-nə ölkədə işsizlik səviyyəsi təxminən 5,2% olub. Həmin tarixdə iqtisadi fəal əhalinin sayı 5 milyon 444,7 min, məşğul əhalinin sayı isə 5 milyon 164,1 min nəfər təşkil edib. Bu göstəricilərin fərqinə əsasən, işsiz əhalinin sayı 280,6 min nəfər olub. Rəsmi qeydiyyatda olan işsizlərin sayı isə bir il ərzində 6,3% artaraq 251,2 min nəfərə çatıb.