Trampın nümayəndələri Moskvaya gəldi – danışıqlar başlayır

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya gəliblər.

UNIAN-ın məlumatına görə, amerikalı nümayəndələrin təyyarəsi Moskvanın Vnukovo hava limanına enib. Onları hava limanında Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Bundan əvvəl Uitkoff və Kuşner Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda iştirak ediblər. Noyabrın 10-11-də Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında baş tutan görüşlərdə müharibənin dayandırılması, təhlükəsizlik təminatları, ərazi məsələləri və hərbi əsirlərin mübadiləsi müzakirə olunub.

Görüşlərdə hərbi əsirlərin 1000-ə 1000 və ya 1500-ə 1500 formatında dəyişdirilməsi ehtimalı da gündəmə gətirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidəki danışıqları konstruktiv və məzmunlu adlandırsa da, müharibənin dayandırılması ilə bağlı hələlik konkret razılaşma əldə olunmayıb.

Moskvadakı görüşlərin nəticələrinin müharibənin gələcək taleyinə necə təsir edəcəyi diqqətlə izlənilir.