Dövlət məlumatlarının əlçatanlığı artırılır, Sandbox mexanizmi genişləndirilir

Azərbaycanda dövlət qurumlarında toplanan məlumatların və informasiya sistemlərinin əlçatanlığının artırılması istiqamətində işlər aparılır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici tədbirdə deyib.

O bildirib ki, qanunvericiliyə Sandbox mexanizminin tətbiqini dəstəkləyən dəyişikliklər edilib:

“Bu mexanizm innovativ layihələrin sınaqdan keçirilməsi üçün şirkət və startaplara xüsusi imkanlar yaradır.

Qanunvericilikdə nəzərdə tutulmayan, lakin innovativ və iqtisadi dəyər yaratmaq potensialına malik layihələr dövlət qurumlarının rəyi əsasında Sandbox layihəsi kimi qəbul edilə bilər. Bu halda layihələrin reallaşdırılması üçün xüsusi sınaq mühiti yaradılır.

Belə layihələr nəqliyyat, tibb, maliyyə bazarları və digər sahələrdə tətbiq oluna bilər”.

Şahin Əliyev rəqəmsal inkişafın digər mühüm istiqamətinin kibertəhlükəsizlik olduğunu vurğulayıb:

“Rəqəmsal ekosistemin təhlükəsizliyinin təmin edilməsi, Milli CERT və Milli SOC strukturlarının yaradılması, eləcə də qurumlar və təşkilatlar arasında məlumat mübadiləsinin operativ təşkili əsas prioritetlərdəndir.

Potensial kibertəhdidlərin vaxtında müəyyənləşdirilməsi, informasiya mübadiləsinin effektiv qurulması və hücumlara qarşı adekvat tədbirlərin görülməsi nəzərdə tutulur”.