Azərbaycanın qeyri-neft-qaz ixracı 10 ayda 20,8 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verilir.

Təkcə oktyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 23 % çox - 414,2 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 115,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 29,9 % artaraq 280,7 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixrac dəyəri 2,4 dəfə (137,6 %), alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 39,2 %, qara metallardan məmulatların ixrac dəyəri 34 %, bitki və heyvan mənşəli piy-yağların ixrac dəyəri 27,1 %, mis və ondan hazırlanan məmulatların ixrac dəyəri 24,9 %, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri 16,1 %, pambıq lifinin ixrac dəyəri 14,2 %, tərəvəzlərin ixrac dəyəri 11,6 %, qəhvə və çayın ixrac dəyəri 10,9 %, yeməli meyvələrin ixrac dəyəri isə 6,7 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 12,7 % artaraq 866,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 28,8 % artaraq 334,9 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 16,7 % artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.