Bu il sentyabrın 21-dən oktyabrın 18-dək 62 ölkədə 56 min 471 nəfərin koronavirusa (COVID-19) yoluxduğu qeydə alınıb. Bu, əvvəlki 28 günlük dövrlə müqayisədə təxminən 39 faiz azdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında belə deyilir.
Hesabata görə, yeni yoluxma hallarının 30 min 93-ü Cənub-Şərqi Asiya, 22 min 325-i Avropa, 4 min 53-ü isə Amerika regionunun payına düşüb.
Göstərilən dövrdə ÜST-yə Afrika, Şərqi Aralıq dənizi və Qərbi Sakit okean regionlarında yoluxma halları barədə məlumat verilməyib.
Sonuncu 28 günlük dövrdə 31 ölkə koronavirusdan 719 nəfərin öldüyü haqda ÜST-yə hesabat verib. Əvvəlki 28 gündə 542 ölüm qeydə alınmışdı. Beləliklə, yoluxmaların sayı azalsa da, bildirilən ölüm halları təxminən 33 faiz artıb.
ÜST COVİD-19-un yayılmasına dair rəqəmlərin ehtiyatla qiymətləndirilməsinin vacibliyini vurğulayır. Bir çox ölkə testlərin sayını azaldıb, bəziləri isə yoluxma statistikasını müntəzəm açıqlamağı dayandırıb. Buna görə də rəsmi qeydə alınan yoluxmalar virusun faktiki yayılma miqyasını tam əks etdirmir. Hər hansı ölkə üzrə statistikanın təqdim edilməməsi həmin ölkədə yoluxma hallarının olmadığı anlamına gəlmir.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Çində üzə çıxan yeni koronavirus infeksiyası dünyanı bürüyüb, 2020-ci il martın 11-dən 2023-cü il mayın 5-dək qlobal pandemiya elan olunub. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2024-cü il fevralın 2-də yaydığı statistikaya görə, Azərbaycanda 834 min 630 nəfər koronavirusa yoluxub, onların 10 min 400-ü vəfat edib. Həmin vaxtdan bəri hər hansı statistika açıqlanmayıb.