Samir Vəliyev: Qlobal təhdidə qarşı qlobal həmrəyliyə ehtiyac var

“Hazırda bütün dünyada ekoloji çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb. Bu da onunla bağlıdır ki, qlobal istiləşmənin və güclü sənaye inkişafının nəticəsi olaraq atmosferdə tarazlıq pozulub. Artıq dərk olunur ki, bu gün mənfi proseslərə qarşı müvafiq tədbirlər görülməsə, sabah gec olacaq. Burada qlobal təhdidə qarşı qlobal həmrəyliyə böyük ehtiyac var”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, qlobal iqlim dəyişikliklərinin fəsadlarının qarşısını yalnız səyləri və imkanları birləşdirməklə almaq mümkündür. Meydana çıxan çağırışların əsas mahiyyəti ondan ibarətdir ki, qabaqlayıcı tətbirlər həm beynəlxalq müstəvidə, həm də milli səviyyələrdə koordinasiya edilərək davamlı şəkildə həyata keçirilməlidir. Dünya ölkələri problemlərdən çıxış yolunu tapmaq üçün iqlim sammitləri çərçivəsində mütəmadi olaraq bir araya gəlir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı da bu məqsədə xidmət edir.

Bugünlər Türkiyənin Antaliya şəhərində COP31-in keçirildiyini xatırladaq millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də COP31-in Liderlər Sammitində iştirak etmək üçün qardaş ölkəyə səfər edib. Eyni zamanda, dünyanın bir çox liderləri də tədbirə qatılıb.

Samir Vəliyev xatırladıb ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. Qlobal istiləşmənin və güclü sənaye inkişafının yaratdığı ekoloji fəlakətlərin qarşısını almaq üçün BMT səviyyəsində həyəcan təbili çalınır. İndiyədək qurum dünya ölkələrinin səylərini əlaqələndirmək məqsədilə bir sıra sənədlər, o cümlədən də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edib. Həmçinin Konvensiyanın Kioto Protokolu təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi qəbul olunub. Eyni zamanda, 22 aprel 2016-cı il tarixində Paris razılaşması imzalanıb. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək”dən ibarətdir.

Deputatın fikrincə, COP31-in Liderlər Sammitinə ev sahibliyi edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında iqlim sammitlərinin təşkilində təcrübəsini bölüşdüyünə görə Azərbaycana təşəkkür etməsi təsadüfi deyil. Çünki Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Digər tərəfdən, Azərbaycan bu sahədə böyük təcrübəyə sahibdir. Məlumdur ki, 2024-cü ilin 11-23 noyabr tarxilərində ölkəmizdə COP29 keçirildi. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu tədbir təşkilatçılıq baxımından ən yüksək səviyyədə oldu. COP29-da qlobal iqlim dəyişiklikləri ilə bağlı mübarizə üçün mühüm qərarlar qəbul olunub. Bakıda COP tarixində bir sıra ilklərə imza atıldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması COP-un ən böyük uğurlarından biridir. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Millət vəkili deyib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Eləcə də, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

Samir Vəliyev söyləyib ki, Azərbaycanla Türkiyə bütün məsələlərdə olduğu kimi, iqlim dəyişiklikləri məsələsində də həmrəylik nümayiş etdirir: “İki qardaş ölkə bu qlobal problemin həllinə eyni mövqedən çağırış edir. Bir neçə il öncə Türkiyədə baş vermiş güclü meşə yanğınlarının qarşısının alınmasında Azərbaycanın fəal iştirakı hər kəsin xatirindədir. Bu hadisə təbiətin, ekologiyanın qorunmasında ölkəmizin yanaşmasını bariz şəkildə ifadə edirdi. Prezident İlham Əliyevin Türkiyədə keçirilən COP31-də iştirakı da bu həmrəyliyin təcəssümüdür. Nəzərə alaq ki, 8 Noyabr Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə - Qarabağa səfər edərək xalqımızla Qələbə sevincini paylaşdı. Hər iki lider Qarabağdan dünyaya mühüm mesajlar verdilər. Bundan cəmi iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər edərək COP31-in Liderlər Sammitində iştirak etməsi də “Bir millət-iki dövlət” faktorunun sarsılmazlığını ifadə edir”.