Azərbaycanda kommersiya qurumlarının ümumi sayı artmaqda davam etsə də, yeni şirkətlərin dövlət qeydiyyatında azalma müşahidə olunur. 2026-cı ilin oktyabrında 1 183 kommersiya qurumu qeydiyyatdan keçib. Ötən ilin eyni ayında bu göstərici 1 318 olub. Beləliklə, yeni qeydiyyatların sayı illik müqayisədə 135 vahid və ya 10,2% azalıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatlarına əsasən, noyabrın 1-nə ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214 988-ə çatıb. Bu, 2025-ci ilin eyni tarixindəki 202 088 qurumla müqayisədə 12 900 vahid və ya 6,4% artım deməkdir.
Bununla belə, kommersiya qurumlarının sayında illik artım tempi zəifləyib. Belə ki, 2025-ci ilin noyabrın 1-nə bu göstərici 7,7% olduğu halda, cari ildə 6,4%-ə enib. Başqa sözlə, artım tempi 1,3 faiz bəndi azalıb.
Ölkədə vergi ödəyicilərinin ümumi sayı isə bir il ərzində 74 689 vahid artaraq 1 734 871-ə çatıb. Ötən ilin eyni dövründə 1 660 182 vergi ödəyicisi qeydiyyatda olub. Ümumi sayın 86,7%-ni fiziki şəxslər, 13,3%-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
Oktyabr ayında yeni yaradılmış kommersiya qurumlarının 86,8%-i yerli, 13,2%-i isə xarici investisiyalı olub. Hesablamalara əsasən, bu, təxminən 1 027 yerli və 156 xarici investisiyalı kommersiya qurumu deməkdir.
Yeni kommersiya qurumlarının 84%-i elektron qaydada qeydiyyatdan keçib. 2025-ci ilin yanvar–oktyabr aylarında bu göstərici 84,9% təşkil edirdi. Bununla yanaşı, dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 92,5%-i məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır. Ötən ilin eyni dövründə onların payı 91,9% olub.