2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan vətəndaşları xarici ölkələrə turizm səfərləri zamanı malların, hədiyyələrin və suvenirlərin alınmasına 261 milyon 174,6 min manat xərcləyiblər.
Həmin dövrdə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə turizm məqsədilə çəkdikləri ümumi xərclər 1 milyard 607,3 milyon manat təşkil edib. Bunun 16,2%-i alış-veriş xərclərinin payına düşüb.
Azərbaycanlıların alış-verişə ən çox pul xərclədiyi ölkə Türkiyə olub. Bu ölkədə malların və hədiyyələrin alınmasına 154 milyon 126,6 min manat sərf edilib. Beləliklə, xaricdəki ümumi alış-veriş xərclərinin təxminən 59%-i Türkiyənin payına düşüb.
İkinci yerdə 30 milyon 775,1 min manatla Rusiya, üçüncü yerdə isə 17 milyon 715,1 min manatla Gürcüstan qərarlaşıb.
Birləşmiş Ərəb Əmirliklərində alış-verişə 13 milyon 255,8 min manat, Qazaxıstanda 5 milyon 985,8 min manat, Səudiyyə Ərəbistanında isə 4 milyon 990,7 min manat xərclənib.
Müqayisə üçün, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan vətəndaşlarının xarici turizm səfərlərində nəqliyyat xərcləri 577,4 milyon manat, yerləşmə xərcləri 374,6 milyon manat, qidalanma xərcləri isə 314 milyon manat təşkil edib.