Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 11-də açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında sənaye sektorunda 58 milyard 539.6 milyon manat dəyərində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azdır.
Amma sənayedən fərqli olaraq, ümumi daxili məhsulda (ÜDM) qismən də olsa, artım müşahidə olunur. DSK bildirir ki, hesabat dövründə 115 milyard 930 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.
Həm rəsmi qurumlar, həm də müstəqil iqtisadçılar ölkə sənayesindəki geriləməni əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb, halbuki 2009-cu ildə bu göstərici 50 milyon ton təşkil edirdi. Əvəzində bu il qazılan quyuların sayı artırılıb; hökumət neft hasilatındakı azalmanın qarşısını almaq istəyir.
Digər tərəfdən, bu il Yaxın Şərqdə sabitliyin pozulması və Hörmüz boğazında yaranan problemlər səbəbindən neft kəskin bahalaşıb, hətta Azərbaycan neftinin qiyməti 70 faiz civarında artıb. Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin kəskin bahalaşmasına baxmayaraq, sənayedəki geriləmə və DSK-nın açıqladığı 1.7 faizlik cüzi ÜDM artımı iqtisadiyyatda böhran təhlükəsinin yaxınlaşmasından xəbər verir.