ABİF 10 ayda gənc sahibkarlara 6 milyon manatdan çox güzəştli kredit ayırıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC gənc iş adamlarına 6 milyon manatdan çox güzəştli kredit ayırıb.

Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, kreditlər 110-dan çox gənc sahibkara verilib.

"Bu kreditlər hesabına sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı, xidmət, turizm kimi sahələrdə layihələr icra edilib. Həmçinin insan kapitalının inkişafı məqsədi ilə nazirlik yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) beynəlxalq platformalarla əməkdaşlıq çərçivəsində təlimlər təşkil edir. Dünyanın aparıcı şirkətləri ilə məlumat mərkəzləri və süni intellekt infrastrukturu üzrə strateji tərəfdaşlıq yüksək ixtisaslı gənc mütəxəssislər üçün yeni imkanlar açır", - deyə nazir müavini əlavə edib.