Bakı, 11 noyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov, Abşeron və Sabunçu Sosial Xidmət mərkəzlərində maarifləndirici tədbirlər təşkil edilib. Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirlərdə iştirakçılar uşaq hüquqlarının əsas prinsipləri, o cümlədən təhsil, sağlamlıq, sosial müdafiə, istirahət və asudə vaxt hüquqları barədə məlumatlandırılıb. Uşaqların öz fikirlərini sərbəst ifadə etmələrinin, qərarların qəbulunda iştirakının və başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalarının əhəmiyyəti vurğulanıb. Tədbirlərin sonunda uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə master-klaslar da təşkil olunub. Master-klaslar zamanı iştirakçılar yaradıcı fəaliyyətlərə cəlb olunub, yeni bilik və təcrübələr qazanmaq imkanı əldə ediblər.