Çoxmənzilli binalarda istifadəyə verilən mənzillərin sayı 27% azalır – Bizneslər bu layihəyə cəmi ₼2 mlrd. investisiya edib

Azərbaycanda istifadəyə verilən yaşayış evləri və mənzillərin ümumi sayı demək olar ki, dəyişməsə də, çoxmənzilli binalarda istifadəyə verilən mənzillərin sayında ciddi azalma qeydə alınıb. Eyni zamanda, yaşayış evlərinin tikintisinə investisiyalar azalır, mənzil bazarında isə bahalaşma davam edir.

Banker.az Dövlət Statistika Komitəsinin 2026-cı ilinilk 9 ayı üzrə tqdim etdiyi göstəricilərə istinadən xəbər verir ki, ölkədə ilk doqquz ayda ümumi sahəsi 3 milyon 344,9 min kvadratmetr olan 24 601 yaşayış evi və mənzil istifadəyə verilib.

Bu göstəricinin 19 666-sını fərdi yaşayış və bağ evləri təşkil edib. Beləliklə, fərdi evlər istisna olmaqla, istifadəyə verilən mənzillərin sayı 4 935 olub.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə ölkədə 24 478 yaşayış evi və mənzil istifadəyə verilmişdi. Onlardan 17 685-i fərdi yaşayış və bağ evləri, 6 793-ü isə digər mənzillər idi.

Hesablamalara əsasən, bir il ərzində çoxmənzilli binalarda istifadəyə verilən mənzillərin sayı 1 858 ədəd və ya 27,4% azalıb. Fərdi yaşayış və bağ evlərinin sayı isə 11,2% artıb. Ümumilikdə istifadəyə verilən yaşayış vahidlərinin sayı cəmi 0,5% yüksəlib.

DSK-nin bülleteninə əsasən, 2026-cı ilin ilk doqquz ayında istifadəyə verilən yaşayış sahələrinin 2 milyon 888,5 min kvadratmetri fərdi yaşayış və bağ evlərinin payına düşüb. Digər yaşayış sahələri isə 456,4 min kvadratmetr təşkil edib.

Hesabat dövründə dövlət müəssisələri tərəfindən 2 848, qeyri-dövlət müəssisələri tərəfindən 2 510, əhali tərəfindən isə 19 243 yaşayış vahidi inşa edilərək istifadəyə verilib.

Paytaxtda da istifadəyə verilən yaşayış sahələrində azalma qeydə alınıb. DSK-nin məlumatlarına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Bakıda 1 milyon 796,6 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu, 2025-ci ilin eyni dövründəki 1 milyon 220,3 min kvadratmetrlə müqayisədə 18% azdır. Ölkə üzrə göstərici isə əksinə, 5,4% artıb.

DSK-nin məlumatına görə, 2026-cı ilin ilk üç rübündə ölkə iqtisadiyyatında əsas kapitala investisiyalar 10,9% artaraq 14 milyard 688,6 milyon manata çatıb. Bununla belə, yaşayış evlərinin tikintisinə yönəldilmiş vəsaitlər 3,1% azalaraq 2 milyard 67,9 milyon manat təşkil edib.

Bu sahəyə qeyri-dövlət mülkiyyətində olan subyektlər tərəfindən yönəldilmiş investisiyalar 8,6% azalaraq 1 milyard 466,3 milyon manata düşüb. Dövlət mülkiyyətində olan subyektlərin investisiyaları isə 13,5% artaraq 601,6 milyon manata yüksəlib.

Qiymətləri isə bahalaşmaqda davam edir

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) oktyabr ayı üzrə hesabatına əsasən, yeni tikili mənzillərin bir kvadratmetrinin median satış təklifi sentyabrdakı 2 850 manatdan 2 888,9 manata yüksəlib. Aylıq bahalaşma 1,4%, 2025-ci ilin dekabr ayı ilə müqayisədə isə 9,4% təşkil edib. Yeni tikili mənzillərin median ümumi satış təklifi 275 min manata çatıb.

Köhnə tikililərin qiymətlərində aylıq dəyişiklik demək olar ki, müşahidə edilməyib. Bu seqmentdə kvadratmetrin median satış qiyməti 2 692,3 manat, 2025-ci ilin dekabrı ilə müqayisədə bahalaşma isə 6,8% olub.

Dövlət Statistika Komitəsinin rəsmi mənzil qiymətləri statistikası da bahalaşmanı təsdiqləyir. Belə ki, 2026-cı ilin üçüncü rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin eyni dövrünə nisbətən 10,4%, təkrar bazarda isə 8,4% yüksəlib. Əvvəlki rüblə müqayisədə ilkin bazarda artım 1,3%, təkrar bazarda isə 1,4% təşkil edib.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına görə, ilk doqquz ayda mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,9% artıb.