ABŞ 2026-cı ilin ilk doqquz ayında Venesuelanın neft və digər təbii sərvətlərinin satışından 12,26 milyard dollar gəlir əldə edib. Vəsaitlər Vaşinqtonun nəzarətində olan hesaba köçürülüb.
Bu barədə “The New York Times” qəzeti KPMG audit və konsaltinq şirkətinin məxfi hesabatına istinadən məlumat yayıb.
Sənəddən məlum olur ki, ABŞ Maliyyə Nazirliyi sözügedən hesabı yanvarın 3-də Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatından sonra açıb. Əvvəlcə Qətərdəki banklardan birində yaradılan hesab yanvarın sonunda Nyu-Yorkdakı “Citibank”a köçürülüb. Hesab üzrə bütün əməliyyatlar ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilib.
Qəzetin məlumatına görə, vəsaitin böyük hissəsi sonradan Venesuelaya qaytarılıb. Təxminən 11,7 milyard dollar yerli banklarda keçirilən valyuta hərracları vasitəsilə bolivarın dəstəklənməsinə, 130 milyon dollar isə hökumətin xarici öhdəliklərinin, əsasən digər dövlətlərə və beynəlxalq təşkilatlara olan borclarının ödənilməsinə yönəldilib.
Sentyabrın 30-na olan məlumata görə, hesabda təxminən 170 milyon dollar qalıb. Bunun 12 milyon dolları hesablanmış faizlər olub.
Gəlirlərin əsas hissəsi neft satışından əldə edilib. Hesaba, həmçinin faydalı qazıntıların və gübrələrin satışından daxilolmalar köçürülüb. Vəsaitlərin 61 faizi Maduronun ələ keçirilməsindən sonra Venesuela neftinin satışına müstəsna hüquq əldə edən “Trafigura” və “Vitol” şirkətlərinin payına düşüb. Bundan əlavə, “Trafigura” Venesuela qızılının alınmasına görə təxminən 100 milyon dollar ödəyib.
“The New York Times” qeyd edir ki, KPMG-nin hesabatı ABŞ hökumətinin sifarişi ilə hazırlanıb və Dövlət Departamentinin daha əvvəl açıqlayacağını vəd etdiyi Venesuela neftinin satışından əldə olunan gəlirlərə dair rəsmi audit hesab olunmur.