Türkiyədə siqaret və alkoqollu içkilərin qiymətində yeni artım gözlənilir.
Tekel Bayiləri Yardımlaşma Dərnəyinin (TBYD) sədri Erol Dündarın açıqlamasına əsasən, dekabrın 1-dən etibarən siqaret qutularının qiymətinin 5-10 türk lirəsi arasında artırılması nəzərdə tutulur. Bahalaşmanın markadan və istehsalçı şirkətdən asılı olaraq fərqlənəcəyi bildirilir.
Bununla yanaşı, araq, pivə, viski və digər alkoqollu içkilərin qiymətində də 10-15 faiz artım gözlənilir. Yeni qiymət artımlarının ilin sonunadək qüvvəyə minəcəyi ehtimal olunur.
Hələlik istehsalçı şirkətlər tərəfindən rəsmi qiymət siyahıları açıqlanmayıb. Yeni tariflərin dekabrın 1-dən etibarən dəqiqləşəcəyi qeyd edilir.