Bakı, 11 noyabr, AZƏRTACMisirin Qahirə Cinayət Məhkəməsi xaricdə“ Müsəlman qardaşları” təşkilatı ilə əlaqəli olan qurumlara qarşı yeni qərar qəbul edib.AZƏRTAC Misir mediasına istinadla xəbər verir ki, məhkəmə 35 Avropa təşkilatının və müəssisəsinin, eləcə də onların filiallarının, həmin qurumlara rəhbərlik və fəaliyyətlərinə nəzarət edən 36 nəfərin terrorla bağlı siyahıya daxil edilməsi barədə qərar çıxarıb. Siyahıya Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən dini və tədqiqat mərkəzləri, islam təşkilatları, fiqh şuraları, elmi-tədqiqat institutları, tələbə və qadın təşkilatları daxil edilib.Misir hakimiyyətinin iddiasına görə, sözügedən qurumlar “Müsəlman qardaşları” təşkilatının beynəlxalq şəbəkəsi ilə əlaqəlidir və Avropa qitəsində fəaliyyət göstərən genişmiqyaslı strukturun tərkib hissəsidir. Rəsmi Qahirə hesab edir ki, bu şəbəkə dini, ictimai və siyasi təşkilatlar vasitəsilə öz təsir dairəsini genişləndirməyə və xarici ölkələrdə mövqelərini möhkəmləndirməyə çalışır.Qərar Misirin “Müsəlman qardaşları” təşkilatının ölkə hüdudlarından kənarda fəaliyyət göstərən strukturlarına və beynəlxalq şəbəkəsinə qarşı hüquqi tədbirləri genişləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.Terroru dəstəkləyənlər siyahısına Avropa Müsəlmanları Şurası və onun Brüsseldəki bölmələri də daxil edilib. Təşkilat 1989-cu ildə Avropada İslam Təşkilatları Birliyi adı ilə yaradılıb. Qitədə bu sahədə fəaliyyət göstərən ən böyük təşkilatlardan hesab olunur. Avropanın 28 dövlətində 500-dən çox müəssisə və qurumun adıçəkilən təşkilatla bağlı olduğu bildirilir.‏