Yaponiyada seçkilərin kontitusiyaya zidd şəraitdə keçirildiyi təsdiqlənib

Yaponiya Ali Məhkəməsi 2025-ci ildə parlamentin yuxarı palatasına keçirilən seçkilərin seçicilərin səslərinin müxtəlif dairələrdə fərqli çəkiyə malik olması səbəbindən konstitusiyaya zidd şəraitdə keçirildiyi qənaətinə gəlib.

Bu barədə TASS məlumat yayıb.

Bu, Yaponiyada bu qəbildən olan ilk qərar deyil. Lakin əvvəlki hallarda olduğu kimi, məhkəmə bu dəfə də seçkilərin nəticələrini ləğv etməyib.

Yaponiyanın müxtəlif prefekturalarında əhalinin sıxlığından asılı olaraq bir deputatın seçilməsi üçün tələb olunan seçici sayı fərqlənir. Nəticədə əhalinin sıx olduğu Kanaqava prefekturasında bir seçicinin səsinin çəkisi əhalisi daha az olan Fukui prefekturasındakı seçicinin səsinin çəkisindən 3,13 dəfə az olub.

Məhkəmə bildirib ki, seçicilərin səslərinin əhəmiyyətindəki böyük fərqlərin aradan qaldırılması istiqamətində səylər nəticə vermir və bu prosesdə irəliləyiş müşahidə olunmur.

Yaponiyada sonuncu dəfə 2013-cü ildə keçirilən seçkilər konstitusiyaya zidd hesab edilib. Həmin vaxt seçicilərin səslərinin çəkisi arasındakı maksimal fərq 4,77 dəfə olub. Bundan sonra, 2016, 2019 və 2022-ci illərdə keçirilən seçkilər məhkəmə tərəfindən konstitusiyaya uyğun hesab edilib. Həmin seçkilərdə əhalisi az olan bir sıra seçki dairələrinin birləşdirilməsi hesabına seçicilərin səslərinin əhəmiyyətindəki fərq azaldılıb.