Qax, 11 noyabr, AZƏRTAC Tarixi mənbələr göstərir ki, hələ Neolit dövründə Azərbaycanda taxılın una çevrilməsi üçün sadə dən daşlarından istifadə edilib. Zamanla taxılçılığın inkişafı əl dəyirmanlarının su dəyirmanları ilə əvəz olunmasına gətirib çıxarıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su dəyirmanları bütün zamanlarda xalq arasında xeyir-bərəkət rəmzi hesab olunub. Üzərindən əsrlər keçməsinə baxmayaraq, xalqımız bu dəyirmanları qoruyub saxlamış və günümüzə qədər gəlib çatmasını təmin etmişdir. İndi bölgələrdə, xüsusilə ucqar kəndlərdə barmaqla sayılacaq qədər az qalan su dəyirmanlarında üyüdülən una tələbat daha böyükdür. Belə dəyirmanlardan biri də Qaxın Qaşqaçay kəndində fəaliyyət göstərir. Qaşqaçay kəndindəki su dəyirmanı kəndin yuxarı başında, dağın ətəyində yerləşir. İki əsrdən çox yaşı olan bu dəyirman bir neçə nəslin nümayəndəsi tərəfindən idarə olunub. Hazırda kənd sakini Bayram Qasımov bu işi öz öhdəsinə götürüb.Biz əraziyə çatanda dəyirmançı Bayram Qasımovla elə yoldaca qarşılaşırıq: - Salam, Bayram dayı, gününüz xeyirli-bərəkətli olsun! Haradan belə? — deyə soruşuruq. - Su başından gəlirəm, - deyərək bizimlə görüşür və dağın ətəyindəki dəyirmana doğru addımlayır, - Suyu çox olanda dəyirman da yaxşı işləyir. Dedim bir az artırım ki, unu rahat üyütsün. Dəyirmançı bildirir ki, bu işin adı sadə görünsə də məsuliyyət və əziyyəti çoxdur. Belə ki, səhərin erkən saatlarından suyun mənbəyinə gedib, arx boyu tökülən yarpaq, ağac budaqları və digər töküntüləri təmizləyəsən ki, suyun axını sürətlə davam etsin. İş saatının səhərin dan yeri ağarandan başladığını deyən dəyirmançı un üyüdülən zaman səliqə-sahmana diqqət etməyin vacibliyindən danışır. Deyir ki, daş çarxlar işə düşəndən sonra dənin də quru və islanmaması başlıca şərtdir. Çünki, bir neçə dənin islanması unun xəmirləşməsinə, nəticədə xeyli hissəsinin xarab olmasına səbəb ola bilər. Dəyirmanın iş prinsipləri haqda məlumat verən dəyirmançı: - Əslinə baxanda sadə mexanizmi var. Bol su gəlməlidir ki, daşın altındakı pəri işə salsın. Ona görə səhər tezdən gedib arx boyu təmizlik aparıram ki, suya nəsə düşməsin, pərlərə əlavə nəsə ilişib suyu ləngitməsin, - deyir və buğda tökülən bunkeri nişan verərək fikrini tamamlayır: - Buğdanı tökəndə və sonrakı müddətdə dənin quru olması şərtdir. Əgər dən islanarsa, Allah eləməsin, bir kisə buğdanın unu da məhv ola bilər.Bu arada dəyirmançı tez-tez unun toplandığı yerdən nümunə götürərək müşahidə aparır, onun keyfiyyətini, təmizliyini və quruluğunu yoxlayır. Bayram Qasımov uşaqlıq xatirələrini bölüşərək bildirir ki, vaxtilə üst-başı çirkli olanda uşaqları dəyirmana buraxmazlarmış. Bu gün gördüyü işdən zövq aldığını deyən dəyirmançı payız və qış aylarında suyun bol olduğunu, daş çarxların dəni əla üyütdüyünü və sifarişləri vaxtında yerinə yetirməyə çalışdığını bildirir.-Yaşlı nəslin dediyinə görə, bu dəyirmanın 200 il və daha çox yaşı var. Bu çarx daşların yaşı bəlkə daha qədimlərə gedir. Son dövrlər bizə müraciət edənlərin sayı artmaqdadır. Yola saldığımız yay ayları kəndimizə istirahətə gələnlər su dəyirmanı işlətdiyimizi biləndə elə o vaxtdan sifariş vermişdilər. İndi də un üçün müraciət edənlərin sayı hər gün artır, - deyən dəyirmançı fikrini tamamlayır: Bizim unumuz təmiz və keyfiyyətli olur. Bir alan bir də gəlib almaq istəyir.Dəyirmana un gətirib növbə gözləyən yerli sakinlər də az deyil. Kənd sakini Davud Əzizov deyir ki, dünyada artıq təsdiq edilib ki, ən orqanik un su dəyirmanının unudur. Çünki burada elektrik enerjisindən, eləcə də texnoloji avadanlıqlardan istifadə olunmur. Həmçinin bu dəyirmanda üyüdülən unun çörəyi dadlı olur və rahat həzm edilir.- Kəndimizin qocaman, yaşlı insanları danışırlar ki, vaxtilə bizdə hər obada su dəyirmanı olub. Bu dəyirman isə əsrlərə şahidlik edir. Ulu babalarımız tərəfindən qurulub, göz bəbəyi kimi qorunub. Burada üyüdülən unun keyfiyyəti, təndirdə bişirilən çörəyin dadı tam fərqli olur, - deyən Davud Əzizov illər əvvəl işi ilə əlaqədar başqa ölkələrdə yaşayarkən həmin fərqi daha çox hiss etdiyini və bir daha ağız dadını dəyişmədiyini bildirir.Dəyirmançı Bayram Qasımovla söhbət zamanı onu da öyrənirik ki, payız gələndən bəri ona paytaxt Bakı ilə yanaşı, respublikanın bir neçə bölgəsindən də sifarişlər gəlib. Hazırda ətraf kəndlərdəki dəyirmanlar işləmədiyi üçün yerli sakinlər öz məhsulunu bu dəyirmana gətirirlər. Kəndlilərin unla yanaşı, mal-qara üçün yem istehsal etmək məqsədilə də bu dəyirmana gəldiyini qeyd edən dəyirmançı payız və qış aylarında sifarişlərin daha çox olduğunu bildirir.Bayram Qasımov deyir ki, maddi vəziyyəti düzələn kimi su dəyirmanının ətrafını abadlaşdıracaq, onu qədim tarixi abidə kimi bərpa edərək gələcək nəsillərə miras qalmasına çalışacaq. Müxbir - Rasim İslamoğlu