ABŞ-də dəhşətli hadisə: Basdırılan körpə sağ qaldı

ABŞ-nin Cənubi Karolina ştatında itkin düşən 11 aylıq körpə torpağa basdırılmış vəziyyətdə sağ tapılıb. Körpənin təxminən 24 saat torpaq altında qaldığı ehtimal edilir.

Hadisə ilə bağlı açıqlama verən Leksinqton dairəsinin rəisi Cey Kon bildirib ki, Koah Şarp adlı körpə meşəlik ərazidə, dəsmala bükülərək itlər üçün nəzərdə tutulmuş qəfəsə yerləşdirilib və dayaz çuxurda basdırılıb.

Rəisin sözlərinə görə, axtarış qrupu körpəni ağlayan vəziyyətdə aşkarlayıb. İlkin məlumata görə, uşağın atası Maykl Komer bazar ertəsi gecə oğurluq və polisə müqavimət göstərmək ittihamları ilə saxlanılıb. Hüquq-mühafizə orqanları digər mümkün ittihamların müəyyənləşdirilməsi üçün prokurorluqla birgə araşdırma aparır.

Rəisin açıqlamasına əsasən, körpənin anası evdən çıxarkən uşağı atasının yanında qoyub. Bazar ertəsi körpənin itkin düşdüyü barədə məlumat daxil olduqdan sonra ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlanılıb. Axtarış zamanı polis əməkdaşları şübhəlinin atasına məxsus evdən təxminən 45 metr aralıda yerləşən meşəlik ərazidə təzə qazılmış torpaq sahəsi aşkar ediblər. Ərazidə aparılan yoxlamalar nəticəsində körpə torpaq altında basdırılmış qəfəsin içərisində tapılıb. Xilas edilən uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin qiymətləndirməsinə əsasən, onun vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları körpənin torpağa basdırılmasında iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi və hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində tədbirləri davam etdirir.