Ahıllara və onkoloji xəstələrə maddi dəstəyin artırılması təklif olunur

Ombudsman Səbinə Əliyeva 2027-ci ilin dövlət büdcəsində ahıl və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmətlərin genişləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı, eləcə də hemofiliya və onkoloji xəstələrin müalicəsi üçün maliyyə vəsaitlərinin artırılmasını təklif edib.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ombudsmana ünvanlanan müraciətlərin təhlili və monitorinqlərin nəticələrinə əsaslandıqlarını bildirən S.Əliyeva insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün bir sıra təkliflərini diqqətə çatdırıb.

O, tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatəsinin genişləndirilməsini, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsini, həmçinin uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılmasını təklif edib. Bunun üçün dövlət büdcəsində müvafiq maliyyə təminatının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman, həmçinin regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsini, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların fərdi ehtiyaclarına uyğun protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə vaxtında təmin olunması üçün büdcə ayırmalarının artırılmasını məqsədəuyğun hesab edib.

Onun sözlərinə görə, regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi ilə yanaşı, hemofiliyalı şəxslərin zəruri dərman preparatlarına vaxtında və fasiləsiz çıxışı təmin edilməlidir. Bu məqsədlə həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün zəruri ehtiyatların yaradılması istiqamətində maliyyə vəsaitlərinin ayrılması təklif olunub.

S.Əliyeva onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına çıxışının artırılmasının da vacibliyini qeyd edib. O, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın genişləndirilməsi, diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmasını təklif edib.

Bununla yanaşı, süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqinin maliyyələşdirilməsini vacib sayıb. Bildirib ki, bu texnologiyalar xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanmasına və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər.

Ombudsman uşaqların hüquqlarının müdafiəsinin, onların təhlükəsiz və sağlam mühitdə inkişafının, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsinin dövlət büdcəsinin sosial istiqamətləri çərçivəsində xüsusi diqqət tələb etdiyini vurğulayıb.

Bu baxımdan, inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin olunması üçün təhsil müəssisələrinin uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat məqsədilə zəruri maliyyə resurslarının ayrılmasını təklif edib.

O, həmçinin uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılmasını vacib hesab edib.

S.Əliyeva rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin yenidənhazırlanması və rəqəmsal bacarıqlarının inkişafı üzrə proqramlara maliyyə dəstəyinin göstərilməsini də təkliflər sırasına daxil edib.

O, dövlət xidmətlərinin rəqəmsallaşdırılması zamanı həssas qruplar üçün əlçatan və alternativ xidmət imkanlarının inkişafına yönəlmiş tədbirlərin maliyyələşdirilməsinə ehtiyac olduğunu bildirib.

Bundan başqa, ucqar yaşayış məntəqələrində sosial əhəmiyyət daşıyan, lakin kommersiya baxımından az rentabelli olan sərnişindaşıma marşrutlarının maliyyə mexanizmləri vasitəsilə dəstəklənməsini təklif edib.

Ombudsman iqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi zamanı həssas qrupların ehtiyaclarının da nəzərə alınmasının vacibliyini qeyd edib. Bu ehtiyaclara əlçatan təxliyə, müvəqqəti yerləşdirmə və sosial yardım imkanları daxildir.

S.Əliyeva Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha effektiv təşkili ilə bağlı da təkliflərini səsləndirib.

O bildirib ki, Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş milli preventiv və müstəqil monitorinq qruplarının fəaliyyətinin effektivliyinin və davamlılığının təmin edilməsi üçün onların kadr və maddi-texniki təminatına dair xərclər dövlət büdcəsində nəzərə alınmalıdır.

Ombudsmanın konstitusion səlahiyyətlərindən irəli gələn qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyətinin geniş olduğunu diqqətə çatdıran S.Əliyeva normativ hüquqi akt layihələrinin hüquqi ekspertizasının aparılması, onlara dair rəy və təkliflərin hazırlanması istiqamətində işlərin həcmini nəzərə alaraq, Aparatda ayrıca struktur bölmənin yaradılmasına və həmin bölmənin zəruri ştat vahidləri ilə təmin edilməsinə dəstək göstərilməsini təklif edib.

O, Prezidentin rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlərdən irəli gələrək Ombudsman təsisatında elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi və yenilənməsi, eləcə də vahid rəqəmsal dövlət platformalarına inteqrasiyası üçün maliyyə vəsaitinin ayrılmasını da vacib sayıb.

S.Əliyeva Çağrı Mərkəzinin fəaliyyətində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi üçün zəruri maliyyə və texniki dəstəyin göstərilməsinin insan hüquqlarının daha effektiv və çevik müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

“İnanıram ki, qeyd olunan təkliflər ölkəmizin inkişaf prioritetləri və dövlət büdcəsinin imkanları nəzərə alınmaqla mərhələli şəkildə öz həllini tapacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına öz müsbət töhfələrini verəcək”, – deyə Ombudsman bildirib.