Paşinyan Moskvanı yox, Antalyanı seçdi: İrəvanın yeni siyasi kursunda Azərbaycan faktoru

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 tədbirində iştirak edəcək. Bu səfər ilk baxışdan iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından diplomatik gediş kimi görünə bilər.

Bunun paralelində diqqətçəkən məqam odur ki, Paşinyanın Türkiyəyə səfər edəcəyi tarixdə - noyabrın 11-də Moskvada KTMT-nin sammiti də keçiriləcək.

Cənubi Qafqazda son illərdə baş verən siyasi proseslər, Bakı ilə İrəvan arasında sülh gündəliyində əldə olunan irəliləyiş, Ankara ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması fonunda 11 noyabrda Paşinyanın Rusiya paytaxtına deyil, Türkiyəyə səfərinin daha geniş siyasi mənası var.

Ermənistan rəhbərliyinin təşkilatla bağlı mövqeyi isə artıq kifayət qədər açıqdır. N.Paşinyan bir neçə gün əvvəl keçirdiyi brifinqdə ölkəsinin KTMT ilə bağlı maraqlarının tükəndiyini bəyan edib. Bu, sadəcə, diplomatik narazılıq ifadəsi deyil. Ermənistanın son illərdə təhlükəsizlik, xarici siyasət və regional əməkdaşlıq istiqamətində dəyişən prioritetlərinin növbəti göstəricisidir.

Ermənistan uzun illər Rusiyanın rəhbərlik etdiyi KTMT-ni təhlükəsizliyinin əsas təminatçılarından biri kimi təqdim edib. Lakin 2020-ci il Vətən müharibəsindən sonra - xüsusilə 2021-2022-ci illərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr zamanı İrəvanın təşkilatdan gözləntiləri ilə reallıq arasında ciddi fərq yarandı. Düzdür, bir məqamı xüsusi qeyd etmək lazımdır ki, həmin vaxtlarda təşkilatın müdaxiləsi üçün heç bir əsas da yox idi. Ancaq İrəvanın təşkilatdan tələbləri də səngimirdi.

2024-cü ilin fevralında Paşinyan Ermənistanın təşkilatda iştirakını faktiki olaraq dondurduğunu açıqladı. Ölkə KTMT tədbirlərində iştirakını dayandırdı, sonrakı mərhələdə isə üzvlük haqlarının ödənilməsi məsələsində də problem yarandı.

2026-cı il noyabrın 5-də verilən açıqlama bu prosesin yeni mərhələyə keçdiyini göstərir. Paşinyan artıq təşkilatla bağlı maraqların tükəndiyini açıq şəkildə bəyan etdi. KTMT-nin baş katibi Talatbek Masadıkovun açıqlamasına görə, noyabrda keçiriləcək iclasda Ermənistanın təşkilat qarşısındakı öhdəlikləri ilə əlaqədar Nizamnamənin 25-ci maddəsinin tətbiqi məsələsinə baxıla bilər. Bu, üzvlük haqqı borcuna görə Ermənistanın təşkilatdakı səsvermə hüququnun və kvota üzrə namizəd irəli sürmək imkanının məhdudlaşdırılması anlamına gəlir.

Burada əsas məsələ Ermənistanın KTMT-dən nə vaxtsa rəsmən çıxıb-çıxmaması deyil. Mühüm məqam odur ki, İrəvan artıq təhlükəsizlik və inkişaf perspektivini yalnız Moskvanın siyasi iradəsi ilə əlaqələndirmək istəmir.

Bununla belə, Ermənistanın Rusiyadan tamamilə qopduğunu söyləmək hələ tezdir. Moskva ilə iqtisadi, enerji, ticarət və digər sahələrdə əlaqələr davam edir. Söhbət daha çox xarici siyasətdə alternativ tərəfdaşların axtarılması və manevr imkanlarının genişləndirilməsindən gedir.

Ermənistanın xarici siyasətindəki dəyişiklikləri Azərbaycanla münasibətlərdən kənarda qiymətləndirmək mümkün deyil.

2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq yarandı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində ardıcıl addımlar atdı. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu.

Bu hadisələr Ermənistanın əvvəlki siyasi yanaşmasının davam etdirilməsinin mümkün olmadığını bir daha göstərdi. İrəvanın qarşısında iki seçim var idi. Onlar ya keçmiş münaqişənin siyasi gündəliyini qoruyub saxlamalı, ya da regionda formalaşmış reallıqları qəbul edərək yeni münasibətlər sistemi qurmalı idilər.

2024-cü ildə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanması və qüvvəyə minməsi isə mühüm mərhələ oldu. Bu sənəddə 1991-ci il Almatı Bəyannaməsinin sərhədlərin müəyyənləşdirilməsi prosesində əsas prinsiplərdən biri kimi qəbul edilməsi nəzərdə tutuldu.

2025-ci il avqustun 8-də isə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mühüm razılaşmalar əldə edildi.

Həmin görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. Tərəflər həmçinin ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət imzaladılar.

Bu, uzun illər münaqişənin beynəlxalq müzakirə platformalarından biri olmuş Minsk qrupunun fəaliyyətinin başa çatdırılması istiqamətində mühüm siyasi addım idi.

Vaşinqton Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz nəqliyyat bağlantısının təmin edilməsi - Zəngəzur dəhlizinin açılması da öz əksini tapdı.

Beləliklə, illərlə mübahisə predmetinə çevrilmiş kommunikasiyaların açılması məsələsi artıq konkret beynəlxalq sənədin müddəasına çevrildi.

2026-cı il yanvarın 14-də Ermənistan və ABŞ TRIPP (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üzrə icra çərçivəsini açıqladılar. Mayın 26-da isə layihə ilə bağlı strateji əməkdaşlıq çərçivə sazişi təqdim edildi.

Nəhayət, noyabrın 7-də Azərbaycan, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin irəlilədilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlanıldı. İlk iki qrupun nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri üzrə işləməsi razılaşdırıldı.

Bu fakt xüsusilə əhəmiyyətlidir. Çünki artıq söhbət yalnız siyasi bəyanatlardan deyil, üç ölkənin nümayəndələrinin iştirakı ilə konkret texniki məsələlərin işlənməsindən gedir.

Paşinyanın əvvəllər ciddi mübahisə doğuran regional kommunikasiya məsələsinə indi beynəlxalq əməkdaşlıq çərçivəsində yanaşması Ermənistanın mövqeyindəki dəyişikliyi göstərir.

Baş nazir noyabrın 11-də Türkiyəyə səfəri də məhz bu regional transformasiyanın mühüm tərkib hissəsidir.

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil. İki ölkə arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Uzun illər davam edən qarşılıqlı etimadsızlıq, tarixi mübahisələr və Ermənistan-Azərbaycan münaqişəsi münasibətlərin normallaşmasına mane olub.

Lakin 2021-ci ilin sonunda iki ölkə arasında normallaşma prosesi yenidən başladıldı. Xüsusi nümayəndələr təyin olundu, bir neçə görüş keçirildi. 2025-ci ilin iyununda Paşinyan Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü.

2026-cı ilin noyabrında isə Ermənistan baş nazirinin Türkiyəyə yenidən səfər etməsi bu dialoqun davam etdiyini göstərir.

Burada COP31-in əhəmiyyəti yalnız iqlim gündəliyi ilə məhdudlaşmır. Beynəlxalq tədbirlər dövlət rəhbərləri üçün ikitərəfli təmasların, siyasi mesajların verilməsinin və diplomatik kanalların genişləndirilməsinin əlavə imkanlarını yaradır.

Paşinyanın Türkiyəyə səfəri Ankara ilə münasibətlərin normallaşdırılmasının Ermənistan üçün artıq alternativ deyil, zəruri regional prioritet kimi qəbul edildiyini göstərən siyasi mesajdır.

Ermənistanın Türkiyə ilə sərhədinin açılması, diplomatik münasibətlərin qurulması və iqtisadi əlaqələrin genişləndirilməsi İrəvanın regional təcriddən çıxması baxımından xüsusi əhəmiyyət daşıyır. Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın nəqliyyat və ticarət imkanlarını genişləndirə, ölkənin xarici iqtisadi əlaqələrində yeni istiqamətlər aça bilər.

Ankara üçün də Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi, nəqliyyat xətlərinin açılması və regional iqtisadi əlaqələrin genişlənməsi strateji əhəmiyyət daşıyır.

Bu baxımdan Bakı ilə İrəvan arasında sülh prosesi və Ankara ilə İrəvan arasında normallaşma bir-birindən ayrı proseslər deyil. Onlar bütövlükdə regionun gələcək siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirir. /Oxu.az/