İsmayıl Kartalın işsiz günləri tezliklə başa çata bilər. Təcrübəli mütəxəssisə rəsmi təklif gəlib.
Məlum olduğu kimi, Kartal mövsümə “Fənərbaxça”nın başında başlamışdı. Amma o, camiənin gözləntilərini doğrulda bilmədi və öz istəyi ilə istefa verdi. Oktyabrın 27-də “Fənər”də 4-cü Kartal dönəmi başa çatdı.
Bu arada Türkiyə mənbələrinin yazdığına inansaq, İran təmsilçisi “Traktor” bu məşqçinin xidmətində ciddi şəkildə maraqlıdı. Kartal Təbriz klubundan rəsmi təklif alıb və hazırda danışıqlar davam edir. “Traktor”u mövsümün əvvəlindən bəri Cavad Nekunam çalışdırır. Komanda son 8 rəsmi oyunda cəmi 1 qələbə qazanıb (3 heç-heçə, 4 məğlubiyyət).
Düzdü, daxili çempionatda vəziyyət o qədər də qəliz deyil. Komanda 10 tura topladığı 20 xalla 5-ci pillədə qərarlaşıb və lider “Persepolis”dən 3 xal geridədi. Amma Asiya Çempionlar Liqasında “qurdlar”ın durumu ürəkaçan deyil. Komanda öz zonasında 4 oyuna cəmi 2 xal toplayıb və 16 iştirakçı arasında 13-cü pillədədi.
Rəhbərliyin diqqətini Kartala yönəltməsi təsadüfi deyil. 65 yaşlı mütəxəssis daha öncə 2025-ci ildə “Persepolis”i çalışdırıb və İran futbolunu yaxından tanıyır. Nekunam ilə hədəfə çatmağın çətin olacağını anlayan “Traktor” rəhbərliyi çempionluq iddiası əldən çıxmamış komandanı təcrübəli məşqçiyə tapşırmaq istəyir.
Türkiyə mənbələrinin yazdığına inansaq, danışıqlar uğurlu şəkildə irəliləyir və Kartal özü də İrana dönməkdə, “Traktor”da çalışmaqda maraqlıdı. Tərəflərin müqavilənin şərtlərini razılaşdıracağı təqdirdə Kartalın vaxt itirmədən İrana yollanaraq rəsmi müqaviləyə imza atacağı gözlənilir.