Arsen Venger FİFA prezidentliyinə namizəd ola bilər: Qərar bu tarixdə açıqlanacaq

Londonun “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.

Bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb.

77 yaşlı mütəxəssis yekun qərarını gələn həftənin ortalarında verəcək. Bundan əvvəl “The Times” qəzeti mənbələrinə istinadən yazmışdı ki, FİFA-nın hazırkı prezidenti Canni İnfantinonun rəqibləri Vengeri qarşıdakı seçkilərdə namizədliyini irəli sürməyə razı salmağa çalışırlar.

FİFA prezidentinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Namizədlərin müraciətlərinin qəbulu isə noyabrın 18-də başa çatacaq.

Hazırda Venger FİFA-da futbolun qlobal inkişafı üzrə rəhbər vəzifəni tutur.

Fransalı mütəxəssis 1996-2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Onun başçılığı altında London klubu üç dəfə İngiltərə çempionu olub, yeddi dəfə ölkə kubokunu və İngiltərə Superkubokunu qazanıb. “Arsenal” həmçinin Vengerin rəhbərliyi dövründə Çempionlar Liqasının və UEFA Kubokunun finalına yüksəlib.