İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə ABŞ vitse-prezidenti arasında görüş keçiriləcəyi barədə məlumatları təkzib edib.
Əraqçi bu barədə IRNA agentliyinə açıqlamasında bildirib.
“Bu ehtimallar və mediada yayılan məlumatlar tamamilə əsassızdır. Belə bir görüş planlaşdırılmır”, – nazir deyib.
Bundan əvvəl mediada ABŞ vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərin paytaxtı Dohada görüşəcəyi iddia olunmuşdu.
Həmin məlumatlarda mümkün görüşün ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı müharibəyə son qoymaq üçün diplomatik səylər çərçivəsində keçiriləcəyi bildirilirdi.