Bakı şəhəri və Abşeron yarımadası quru subtropik iqlim zonasında yerləşdiyi üçün regionun zəngin təbii içməli su ehtiyatları mövcud deyildir. Son illərdə iqlim dəyişmələrinin kəskinləşməsi, təbii-coğrafi amillər, əhali sayının sürətli artımı və sənaye müəssisələrinin genişlənməsi regionda suya olan tələbatı misli görünməmiş dərəcədə artıb.
Mövcud su kəsiri uzun illər boyu Kür su kəmərləri, Samur-Abşeron kanalı və Oğuz-Qəbələ-Bakı su kəməri hesabına qarşılansa da, artan tələbat yeni və alternativ mənbələrin cəlb edilməsini zəruri edir. Bu ekoloji və sosial-iqtisadi çağırışlara cavab olaraq, 12 yanvar 2026-cı ildə Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib.
Proqram çərçivəsində su ehtiyatlarının səmərəli idarə olunması, itkilərin önlənməsi, tullantı və yağış sularının təkrar istifadəsi ilə yanaşı, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə strateji layihənin icrasına başlanılıb. Sumqayıt Kimya Sənaye Parkında inşası nəzərdə tutulan və tərs osmos texnologiyasına əsaslanan bu qurğunun 2028-ci ilin sonunadək tam istismara verilməsi planlaşdırılır. Sutkada 300 min kubmetr şirin su istehsal etmək gücündə olacaq bu nəhəng kompleks istifadəyə verildikdən sonra Abşeron yarımadasının içməli su təminatını əlavə olaraq 25 faiz yaxşılaşdıracaq.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ekoloq İlqar Xəlilov bildirib ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Bakı və Abşeron yarımadasının şirin su defisitinin azaldılmasında mühüm strateji addımdır, lakin bu texnologiya problemi təkbaşına tam həll etməyə kifayət etmir:
"Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Bakı və Abşeron yarımadasının içməli su defisitini ciddi şəkildə azaldacaq və regionun su təhlükəsizliyinə böyük töhfə verəcək. Sutkada 300 min kubmetr həcmində suyun emal edilməsi və tələbatın əlavə 25 faizinin qarşılanması mövcud şirin su mənbələrimizin – Kür, Samur və yerli alt su qatlarının üzərindəki gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq”.
Ekoloq qeyd edib ki, lakin nəzərə almaq lazımdır ki, duzsuzlaşdırma texnologiyası su problemini təkbaşına və kompleks şəkillərdə tam həll edə bilməz.
Bu sistemin yüksək səmərəliliklə çalışması bir neçə mühüm faktorla birbaşa bağlıdır. İlk növbədə, tərs osmos prosesi böyük enerji tələb edir, buna görə də layihənin iqtisadi baxımdan əlverişli olması üçün külək və günəş kimi ucuz və bərpa olunan enerji mənbələrindən istifadə olunmalıdır. Eyni zamanda, duzsuzlaşdırma zamanı əmələ gələn yüksək qatılıqlı duzlu məhlulun dənizə qaytarılması prosesində Xəzər dənizinin həssas ekosistemi ciddi şəkildə qorunmalıdır.
İlqar Xəlilovun sözlərinə görə, ən əsas məsələlərdən biri isə emal olunan suyun mənzil başına itkisiz çatdırılması üçün paylayıcı boru xətlərinin və infrastrukturun tam yenidən qurulmasıdır:
“Bakı və Abşeron yarımadasında su defisitinin uzunmüddətli və davamlı şəkildə azaldılması üçün ən məqsədəuyğun yanaşma inteqrə olunmuş su idarəetmə sisteminin yaradılmasıdır. Xəzər suyunun duzsuzlaşdırılması ilə paralel olaraq mövcud su anbarları səmərəli idarə edilməli, tullantı çirkab suları təmizlənərək yaşıllaşdırma və suvarmada təkrar istifadə olunmalı, yağış sularının toplanması mexanizmləri qurulmalı və boru şəbəkələrindəki su itkiləri minimuma endirilməlidir. Ancaq bu kompleks tədbirlər çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması regionun su təminatında tam dönüş yarada bilər”.