Alimlər osteoporozun, yəni sümük əriməsinin müalicəsində istifadə edilən bəzi preparatların demensiya riskinin azalması ilə əlaqəli ola biləcəyini müəyyənləşdiriblər.
Bu barədə “ScienceDaily” Honkonq Universitetinin tədqiqatına istinadən məlumat yayıb.
Araşdırmada yaşı 60-dan yuxarı olan 120 mindən çox şəxsin tibbi məlumatları təhlil edilib. İştirakçıların hamısında osteoporoz və ya sümük zəifliyi ilə əlaqəli sınıq halları qeydə alınmışdı.
Nəticələr göstərib ki, azot tərkibli bisfosfonat preparatlarını qəbul edən şəxslərdə demensiya riski heç bir osteoporoz dərmanı qəbul etməyənlərlə müqayisədə 16 faiz aşağı olub. Digər osteoporoz preparatlarından istifadə edənlərlə müqayisədə isə fərq 24 faizə çatıb.
Tədqiqat müşahidə xarakterlidir və dərmanların demensiyanın qarşısını birbaşa aldığını sübut etmir. Mütəxəssislər nəticələrin yeni klinik sınaqlarda yoxlanılmasının vacibliyini vurğulayırlar.