Rəsmi dilerlərin satışa çıxardığı bəzi ikinci əl avtomobillərin qiymətlərində azalma gözlənilir. Buna səbəb həmin nəqliyyat vasitələrinin satışına tətbiq olunan ƏDV-nin hesablanma qaydasının dəyişdirilməsi ilə bağlı təklifdir.
“Xəzər” TV-yə istinadən, Milli Məclisdə müzakirəyə çıxarılan layihəyə əsasən, ƏDV avtomobilin ümumi satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən hesablanacaq.
Deputat Vüqar Bayramovun sözlərinə görə, güzəşt rəsmi dilerlərin nağdsız qaydada aldığı və istehsal tarixindən beş ildən çox keçməyən ikinci əl avtomobillərə şamil ediləcək.
Dəyişikliyin üç il müddətində tətbiqi nəzərdə tutulur. Deputat hesab edir ki, vergi yükünün azalması satış xərclərinə təsir edəcək və nəticədə avtomobillər alıcılara daha münasib qiymətə təklif oluna biləcək.