Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub…

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası - 1.5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim olunub.

AZƏRTAC-a istinadən, hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1.5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir.

Hesabat ötən il Braziliyada keçirilən COP30 zamanı COP29, COP30 və COP31 sədrliklərinə verilən mandat çərçivəsində Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

Sənədin hazırlanması prosesində 2026-cı il ərzində ölkələr, beynəlxalq təşkilatlar, özəl sektorun nümayəndələri və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Bu məsləhətləşmələr Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsində təşkil edilib. Azərbaycanda görüşlər Bakı və Şamaxıda keçirilib. Bundan əlavə, müxtəlif ölkə və təşkilatlardan daxil olan 148 yazılı təqdimat nəzərdən keçirilib.

Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma kimi sahələrdə istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb.

Hesabatın rəsmi təqdimatı noyabrın 16-da COP31 çərçivəsində Antalyada təşkil olunacaq yüksək səviyyəli tədbirdə keçiriləcək.