TOVUZ, 9 noyabr. TELEQRAF
”Məqsədimiz qrup mərhələsinə düşməkdir. Buna görə heç bir ödəniş almayacağıq. Əksinə, biz ödəniş etməliyik. Əsas odur ki, bütün Avropa bizi tanıyacaq”.
Bunu “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov sabah CEV Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa Plovdiv” klubu ilə qarşılaşmadan əvvəl jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri əsas hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
“Heyətimiz tam komplektləşdirilib. Oyunçularımızın fiziki hazırlığı bizə mane törətmir. Əsas odur ki, zədələrdən uzaq olaq. Hər kəs bizə dəstək verir. Oyundan bir gün əvvəl təşkilati məsələlərlə məşğul olduğum üçün həyəcanım çox olmur. Oyun günü isə hər şey baş verir. İnşallah, Ziya müəllimlə bir yerdə uğurlu nəticələr əldə edərik.
Motivasiyanı azarkeşlərdən alırıq. Futbol Tovuzda daha populyardır. Futbolda düzgün yoldayıq. Bir gün bu səviyyədə çıxış edəcəyik.
Bu işdə uzun illərdir arzuladığımız məqsədlərimiz var. Sadəcə, bunun üçün uyğun zamanı gözləyirik. Bayrağımızı layiqincə təmsil etmək istəyirik.
Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Həmişə göstərilən diqqət və dəstəkdən razı qalmışam. Hamı işləmək, kömək etmək istəyir. Bu, bizi sevindirir.
Oyun yaxınlaşdıqca həyəcan da artır. Qarşılaşmanın başlamasına beş dəqiqə qalmış artıq bu hiss daha da güclənir. Həyəcanın olması təbiidir. Əsas odur ki, bu hiss bizə mane olmasın və meydanda istədiyimiz nəticəni əldə edək.
Azərbaycan voleybolunun qazandığı uğurları davam etdirmək bizim üzərimizə düşür. Bu bayrağı layiqincə daşımalı və ölkəmizi beynəlxalq arenada təmsil etməliyik.
Son illərdə voleybolun inkişafı istiqamətində mühüm işlər görülüb. 2014-2015-ci illərdə uşaq yaşlarında olan voleybolçularımız artıq böyüyüblər. İndi həmin oyunçuların inkişafını görmək sevindiricidir. Komandalar da illər ərzində bir-birini daha yaxşı tanıyır. Əvvəl həyəcan və qorxu daha çox olurdu, indi isə təcrübə qazanırıq. Bizim əhatə dairəmiz var, dörd-beş rayonu əhatə edirik. Hər rayonda voleybol dərnəklərimiz fəaliyyət göstərir. Onların öz məşqçiləri var. Bunun üçün bizim marşrutumuz, avtobusumuz da var. 800-1000 nəfərlik qız məşğulluğundan söhbət gedir. Ümid edirik ki, onların bir hissəsini yenidən voleybola cəlb edə biləcəyik.
İstəyirik ki, Azərbaycan voleybolu təkcə Tovuzun deyil, bütün ölkənin sevimlisinə çevrilsin və daha yüksək səviyyələrə yüksəlsin. İnşallah, qazandığımız uğurlar davamlı olar”.