ABŞ-nin Luiziana ştatında yerləşən Yeni Orlean şəhərinin gələcəyi ilə bağlı narahatedici araşdırma ortaya çıxıb. Təxminən 350 min nəfər əhalisi olan şəhərin yüksələn dəniz səviyyəsi və güclənən qasırğalar səbəbindən yaxın onilliklərdə su altında qalma təhlükəsi ilə üzləşdiyi bildirilir.
Xarici mediaya istinadən, hazırlanan elmi hesabatda Yeni Orlean şəhərinin merkəzində yaşayan 350 min nəfərin, ətraf ərazilərlə birlikdə isə 1 milyondan çox insanın daha təhlükəsiz daxili bölgələrə köçürülməsi məsələsi gündəmə gətirilib.
Qeyd edək ki, şəhər 29 avqust 2005-ci ildə baş verən “Katrina” qasırğası nəticəsində ağır dağıntılara məruz qalmış, təxminən 1 400 nəfər həyatını itirmiş, iqtisadi zərər isə 100 milyard dolları ötmüşdü. Fəlakətdən sonra şəhərin qorunması üçün 14 milyard dollar vəsait ayrılmış, 560 kilometrdən artıq uzunluğa malik müdafiə bəndləri inşa edilmişdi.
Lakin mütəxəssislər hesab edirlər ki, görülən tədbirlər artıq şəhəri qorumaq üçün kifayət etmir. Meksika körfəzində qasırğaların güclənməsi, sahil ərazilərində torpaq itkisi və dəniz səviyyəsinin yüksəlməsi mövcud müdafiə sisteminin effektivliyini azaldır.
Məlumata görə, bataqlıq ərazidə yerləşən müdafiə bəndlərinin möhkəmləndirilməsi üçün ABŞ Ordusunun Mühəndislər Korpusunun hazırladığı təmir xərcləri artıq 5,3 milyard dollara çatıb. Mütəxəssislər milyardlarla dollar sərmayə qoyulmasına baxmayaraq, şəhərin növbəti onilliklərdə daimi olaraq su altında qala biləcəyini istisna etmirlər.
Hesabatda Yeni Orlean sakinlərinin daha yüksək ərazilərdə yerləşən Baton-Ruj və Lafayet kimi şəhərlərə köçürülməsi ehtimalı da müzakirə olunur.
Qeyd edək ki, Yeni Orlean son 20 ildə təxminən 100 min nəfər əhali itirib. Artan sığorta xərcləri və iqtisadi çətinliklər şəhərin gələcəyini daha da mürəkkəbləşdirir.