Qarabağda üç istehsal obyekti fəaliyyətə başlayıb – Tikinti materialları bərpa layihələrində istifadə olunur

Qarabağda yerli xammal və təbii ehtiyatlardan istifadə edən istehsal müəssisələrinin fəaliyyətə başlaması regionun sənaye potensialının inkişafı üçün yeni imkanlar yaradır.

Banker.az saytının verdiyi məlumata görə, Ağdam rayonunda “Şahbulaq” daş karxanası, Ağdərə rayonunda “Dəmirli” filiz emalı kompleksi və Xocalı rayonunda kərpic istehsalı zavodu fəaliyyətə başlayıb.

Bu müəssisələrdə hasil edilən və istehsal olunan məhsulların, xüsusilə tikinti materiallarının işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələrində istifadəsi həyata keçirilir. Beləliklə, tikinti sektoru üçün tələb olunan müəyyən məhsulların regionun özündə istehsalı təmin olunur.

Bununla yanaşı, Kəlbəcər rayonunda yerləşən “Əlbeydaş” filiz yatağının kəşfiyyatı, geoloji tədqiqi, işlənməsi və istismarı üçün Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti müəyyən edilib.

Regionun təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi üzrə digər istiqamət kənd təsərrüfatı torpaqlarının investisiya müsabiqələri vasitəsilə sahibkarlara icarəyə verilməsidir. Bu mexanizm aqrar istehsalın genişləndirilməsi və özəl sərmayələrin cəlb edilməsini nəzərdə tutur.

Yerli xammal bazasına əsaslanan istehsalın inkişafı bərpa layihələrinin təchizat zəncirinin formalaşması və regionda yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması baxımından əhəmiyyətlidir.