ABŞ Prezidenti Donald Tramp İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün yaradılan “Iron Gate” (“Dəmir qapı”) adlı xüsusi işçi qrupunun fəaliyyətə başladığını açıqlayıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“‘Iron Gate’ işçi qrupu İran İslam Respublikasında tam şəkildə fəaliyyət göstərir. Tarixdə ən böyük dəniz blokadası ilə birlikdə, demək olar ki, heç nə İrana daxil olmur və oradan çıxarılmır”, – ABŞ Prezidenti bildirib.
Bununla belə, Tramp qrupun İran ərazisində konkret hansı formada fəaliyyət göstərdiyini açıqlamayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən noyabrın 7-də yaradılan qrupun fəaliyyəti barədə Pentaqon da məlumat yayıb.
Bildirilib ki, “Iron Gate” ABŞ-ın digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyəcək.
Qrupun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasının qarşısını almaqdır.
Bundan başqa, İranın qanunsuz gəlir əldə etməsi üçün istifadə olunduğu bildirilən kanalların bağlanması da qrupun fəaliyyət istiqamətlərinə daxildir.