44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşında silinməz iz qoyub. Bu tarixi Qələbə minlərlə igidimizin qəhrəmanlığı, fədakarlığı və canı-qanı bahasına qazanılıb. Onlardan biri də döyüş meydanında ağır yaralanan, ölümün bir addımlığında olsa da, Vətən sevgisini itirməyən qazi Şirin Abbasovdur.
Publika.az sağlamlığını Vətənə qurban verən qazi Şirin Səxavət oğlu Abbassovla söhbət edib.
Şirin Abbasovla söhbətimizə müharibənin ilk günlərindən başladıq. O, həmin vaxtları xatırlayarkən döyüşə böyük ruh yüksəkliyi ilə yollandıqlarını, hər birinin işğal altındakı torpaqlarımızı azad etmək arzusu ilə alışıb-yandığını dedi.
“Biz Füzulidən başladıq. Müharibənin ilk günlərindən hamımızda böyük ruh yüksəkliyi var idi. Hər kəs qürurlu və sevincli idi. Çünki illərdir həsrətində olduğumuz torpaqları azad etməyə gedirdik. Hamımızın ürəyində bir arzu vardı: torpaqlarımızı düşməndən təmizləmək, Vətənimizin ərazi bütövlüyünü bərpa etmək”.
Qazinin sözlərinə görə, Füzuli rayonundan başlayan döyüş yolu Xocavənd, Hadrut və Tuğ istiqamətlərində davam edib. Hər istiqamətin öz çətinliyi, hər döyüşün isə yaddaşlarda xüsusi yeri var. Ancaq Şirin Abbasov üçün müharibənin ən ağır xatirəsi silahdaşının gözləri qarşısında şəhid olmasıdır.
Silahdaşının şəhid olduğu an yaddaşından silinmir
Şirin Abbasov həmin günləri xatırlayarkən döyüş mövqelərində baş verənləri danışdı. Onun sözlərinə görə, olduqları mövqe atəşə tutulub və həmin vaxt döyüş yoldaşı Şamo Rəhimov onun yanında şəhid olub:
“Ən yaddaqalan və ağır xatirələrimdən biri mövqeyimizin vurulmasıdır. Həmin vaxt Şamo Rəhimov yanımda şəhid oldu. Sonradan digər döyüş yoldaşlarımızın, Vətən oğullarının da şəhid olduğunu gördüm. Bu, insanın yaddaşından heç vaxt silinməyən mənzərədir”.
Qazi üçün bu xatirələri danışmaq asan deyil. Çünki o günlər təkcə döyüş meydanında yaşanan təhlükə və çətinliklərdən ibarət olmayıb. Hər an silahdaşını itirmək ehtimalı, şəhid olan döyüş yoldaşlarının ağrısı da həmin günlərin ayrılmaz hissəsinə çevrilib.
44-cü günün son saatlarında ağır yaralandı
Müharibənin 44-cü günündə, döyüşlərin son saatlarında Şirin Abbasovun özü də ağır yaralanır. O, döyüş meydanında köməksiz vəziyyətdə qalan yaralıları təxliyə etməyə çalışarkən yaxınlığına 120 millimetrlik minaatan mərmisi düşür.
“44-cü günün son saatlarında yaralandım. Döyüş meydanında köməksiz qalan yoldaşlarımızı oradan çıxarmağa çalışırdıq. Həmin vaxt yanımıza 120 millimetrlik minaatan mərmisi düşdü. Partlayış nəticəsində ağır xəsarətlər aldım. Elə həmin an yaralandığım yerə gələn iki tibbi maşını da vurdular”, - deyə o bildirdi.
Belə bir şəraitdə yaralıların təxliyəsi də böyük təhlükə ilə müşayiət olunurdu. Şirin Abbasovun vəziyyəti isə son dərəcə ağır idi. Həmin vaxt həkimlərin müdaxiləsi onun həyatda qalması üçün həlledici rol oynadı.
Qazinin sözlərinə görə, təcili yardım həkimləri arasında biri “Ən ağır yaralını mənə verin” deyərək onu öz üzərinə götürüb. Bu həkim Sadiq Bayramov olub.
“Sadiq həkim olmasaydı, bu gün həyatda olmazdım”
Şirin Abbasov Sadiq Bayramovun göstərdiyi tibbi yardımı xüsusi minnətdarlıqla xatırlayır. O qeyd etdi ki, həkim yaralı vəziyyətdə onu xəstəxanaya apararkən, ay işığında damarını taparaq ilkin tibbi yardım göstərib:
“Ən ağır yaralını mənə verin”, - deyən həkim məni götürüb. Sadiq həkim məni xəstəxanaya apararkən ay işığında damarımı tapıb, ilkin tibbi yardım göstərib. Əgər Sadiq həkim müdaxilə etməsəydi, məni vaxtında Füzuli Diaqnostika Mərkəzinə çatdırmasaydı, bu gün həyatda olmazdım”.
Füzuli Diaqnostika Mərkəzindən sonra qazi “Leyla Medical Centre”ə köçürülüb. Burada müayinələrdən keçirilib və uzun müddət reanimasiya şöbəsində müalicə alıb. Şirin Abbasovun həyatı uğrunda mübarizə davam edirdi. O isə həmin vaxt yaşadıqlarının ən mühüm məqamını - Qələbə xəbərini eşitdiyi anı heç vaxt unutmur.
Komadan ayılanda ona Qələbə xəbərini veriblər
Şirin Abbasov reanimasiyada komadan ayılanda ilk eşitdiyi xəbərlərdən biri Azərbaycanın Qələbə qazanması olub. Ağır yaralı vəziyyətdə olsa da, bu xəbər onun üçün böyük sevinc və qürur mənbəyinə çevrilib.
“Reanimasiyada komadan ayılanda mənə Qələbə xəbərini verdilər. O an keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canımdan, qanımdan keçmişdim. Bu Qələbənin bir parçası olmaq mənim üçün böyük qürurdur”, - deyə o qeyd etdi.
Qazinin sözlərindən aydın olur ki, onun üçün müharibə yalnız döyüş meydanında yaşanan hadisələrdən ibarət deyil. Bu, həm də illərlə gözlənilən tarixi ədalətin bərpası, torpaqların azadlığı və gələcək nəsillərə bütöv Vətən miras qoymaq mübarizəsi idi.
“Vətənə hesabatım budur...”
Söhbətimizin sonunda Şirin Abbasov müharibədən sonrakı həyatına, ailəsinə və gələcək nəsillərə münasibətinə də toxundu. O, bir ata kimi övladlarının azad, bütöv və suveren Azərbaycanda yaşamasını arzuladığını bildirdi. Qazi üçün Vətən uğrunda mübarizənin mənası həm də gələcək nəsillərin bu Qələbənin hansı fədakarlıqlar hesabına qazanıldığını bilməsidir:
“Bu gün mənim də ailəm, övladlarım var. Bir ata kimi onların gələcəyini düşünürəm. İstəyirəm ki, övladlarım azad, bütöv və suveren Vətəndə yaşasınlar. Onlar bilsinlər ki, bu torpaqların azadlığı asan qazanılmayıb. Bu gün sahib olduğumuz Qələbənin arxasında minlərlə Vətən oğlunun qanı, canı, fədakarlığı dayanır. Arzum budur ki, gələcək nəsillər bu tarixi unutmasın, Vətəni bizim sevdiyimizdən də çox sevsinlər”.
Şirin Abbasovun söhbətində bir fikir dəfələrlə ön plana çıxır: Vətən sevgisi onun üçün sadəcə söz deyil, lazım gəldikdə canını belə fəda etməyə hazır olduğu müqəddəs dəyərdir. Ağır yaralanmasına, keçdiyi müalicə prosesinə baxmayaraq, qazi yenə də Vətənə xidmət etməyə hazır olduğunu bildirdi:
“Yenə lazım olsa, bu yaralı canım da Vətənimə qurban!”