Qəhrəmanlarla “Bir Könül Hekayəsi” – VİDEO

Bu gün Azərbaycan Zəfər Gününü qeyd edir…

Bu gün 30 illik həsrətin, nisgilin, göz yaşlarının və yarımçıq qalmış arzuların sona çatdığı tarixi günün 6-cı ildönümüdür.

30 il boyunca Qarabağın adı çəkiləndə gözləri dolan anaların, doğma yurdunun həsrəti ilə dünyadan köçən insanların, bir gün öz evinə, həyətinə, kəndinə qayıtmaq ümidi ilə yaşayan milyonlarla insanın arzusu 44 günə sığan möhtəşəm bir tarixlə gerçəyə çevrildi.

44 gün… Nə qədər ağrı, nə qədər göz yaşı, nə qədər qan və can bahasına yazıldı bu tarix!

Həmin günlərdə hər evdən bir dua yüksəlirdi. Hər ana övladının yolunu gözləyirdi. Hər kəsin ürəyi cəbhədə döyünürdü. Kimisi oğlundan xəbər gözləyir, kimisi qapısının döyülməsindən qorxur, kimisi isə Vətən uğrunda qurban verdiyi övladının tabutu qarşısında göz yaşlarını içinə axıdaraq dik dayanmağa çalışırdı…

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun qəhrəmanlığı, igid əsgər və zabitlərimizin misilsiz fədakarlığı sayəsində üçrəngli bayrağımız doğma Qarabağımızda yenidən dalğalandı.

Bu gün Qarabağda dalğalanan hər bayrağın kölgəsində bir şəhidin qanı, bir ananın göz yaşı, bir qazinin ağrısı və bütöv bir xalqın 30 illik həsrəti var.

Biz bu gün yalnız Zəfəri deyil, həmin Zəfərə gedən yolda canından keçən qəhrəmanlarımızı da ehtiramla anırıq. Çünki bu torpaqlara qayıdışın hər qarışında bir igidin izi, bir şəhidin əmanəti, bir xalqın mübarizə ruhu yaşayır.

Zəfərimiz əbədi, şəhidlərimizin ruhu şad olsun!

Qarabağ Azərbaycandır!