ABŞ F-16-ları Tayvana göndərdi

ABŞ istehsalı 66 ədəd F-16V qırıcı təyyarəsinin Tayvan tərəfindən sifariş edilmiş partiyasından 3-ü adaya çatdırılıb.

Bu barədə “Focus Taiwan” məlumat yayıb.

Qeyd olunub ki, 6729, 6731 və 6732 bort nömrəli təyyarələr adanın cənub-şərqində yerləşən Taytun şəhərindəki Çjixan aviabazasına eniş edib. Bu, Taypeyin əldə etdiyi bu tipli təyyarələrin artıq ikinci partiyasıdır. İlk 2 təyyarə 2026-cı il oktyabrın 2-də çatdırılıb.

Tayvan Hərbi Hava Qüvvələri indiyədək 5 belə təyyarə əldə edib.

Qırıcılar ABŞ-dən birbaşa uçuşla çatdırılıb. F-16-lar bu ayın əvvəlində ABŞ-dən havaya qalxaraq noyabrın 4-də Havay adalarına çatıb, daha sonra isə Quam adasında aralıq eniş ediblər.

Yeni təyyarələrin Tayvan Hərbi Hava Qüvvələrinin əvvəlki modifikasiyalı 139 ədəd F-16 “Block” 20 qırıcısından ibarət aviaparkını gücləndirəcəyi gözlənilir.