Azərbaycanın əldə etdiyi Zəfər işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası üçün yeni imkanlar yaradıb.
Bunu millət vəkili Vüqar Bayramov Zəfər Günü ilə bağlı açıqlamasında bildirdi.
Deputat qeyd etdi ki, uzun müddət işğal altında qalan ərazilərimiz tamamilə dağıdılmışdı. Zəfərdən sonra, hətta müharibənin davam etdiyi müddətdə Azərbaycan artıq bərpa və yenidənqurma işlərinə başladı.
Onun sözlərinə görə, ötən müddətdə dövlət büdcəsindən yalnız bu istiqamətə 26 milyard manat vəsait ayrılıb. Bu da kifayət qədər ciddi və strateji infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verib:
“Bütün bunlar, təbii ki, iqtisadi artım və Qarabağ iqtisadiyyatının formalaşması üçün yeni zəmin yaratdı. Artıq Qarabağda istehsal olunan məhsullar ixrac edilir. Ağdam Sənaye Parkında istehsal edilən müxtəlif məhsulların ixracı Qarabağın qeyri-neft ixracatına verdiyi töhfə deməkdir.
Azad olunmuş ərazilərin bərpası və yenidən qurulması uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatına müsbət təsirlər edəcək. İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının 10 faizini formalaşdırmaq potensialına malikdir. Bu isə növbəti dövrlərdə həmin ərazilərdə 15 milyard manata yaxın yeni dəyərin formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası deməkdir.
Bu, yalnız aqrar sahədə deyil, həm də sənayedə istehsalın artması, turizmin inkişafı və xidmət sektorunun genişlənməsi anlamına gəlir. Hazırda Qarabağda kənd təsərrüfatının inkişafı, eləcə də sənayenin genişləndirilməsi ilə bağlı intensiv layihələr həyata keçirilir”.
V.Bayramov vurğuladı ki, Zəfər Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirib. Onun sözlərinə görə, bu gün regionda formalaşan yeni düzənin müəllifi məhz Azərbaycandır:
“Azərbaycanın əldə etdiyi Zəfərin təməlini Ulu Öndər Heydər Əliyev qoyub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz onu reallaşdırıb. Bütün bunlar iqtisadi təhlükəsizliyimizin güclənməsinə, eyni zamanda regiondakı geosiyasi mövqeyimizin daha da möhkəmlənməsinə gətirib çıxarıb”.
Deputat əlavə etdi ki, yeni dövrdə Azərbaycan qarşısında yeni çağırışlar dayanır. O bildirdi ki, ölkədə inklüziv inkişaf hər zaman prioritet olub. Əldə edilən uğurların və formalaşan dəyərin bir hissəsinin gələcək nəsillər üçün qorunması, inklüzivliyin təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılıb.
Vüqar Bayramovun sözlərinə görə, bu baxımdan insan kapitalının inkişafı da prioritet məsələlərdəndir. 2027-ci il dövlət büdcəsi layihəsində təhsil və elm xərclərinin artırılması insan kapitalının inkişafı istiqamətində sistemli fəaliyyətin davam etdirilməsinə imkan verəcək.
Deputat qeyd etdi ki, bütün bunlar daha güclü Azərbaycanın formalaşmasına və ölkənin potensialının daha da artırılmasına xidmət edir.