Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin hərb tarixində qəhrəmanlıq və fədakarlıq nümunəsi olmaqla yanaşı, regionda yeni reallıqların formalaşmasına da zəmin yaradıb. Bu Qələbənin əldə olunmasında döyüş meydanında nümayiş etdirilən şücaətlə yanaşı, illər ərzində formalaşan hərbi təcrübə, xalq-ordu birliyi və dövlətimizin qətiyyətli mövqeyi mühüm rol oynayıb.Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Vətən müharibəsi iştirakçısı Pərviz Ağayev bildirib.Zəfərin tarixi və beynəlxalq əhəmiyyətindən danışan P.Ağayev hesab edir ki, 44 günlük müharibədə əldə olunan Qələbənin təməlində yalnız döyüş meydanında göstərilən fədakarlıq deyil, həm də əvvəlki illərdə qazanılmış hərbi təcrübə dayanır. Onun sözlərinə görə, 2016-cı il Aprel döyüşləri və həmin döyüşlərin yaratdığı yeni reallıqlar xalqımızda, xüsusilə gənc nəsildə Qələbəyə inamı daha da gücləndirib.Şərqşünas-alim vurğulayıb ki, Vətən müharibəsində qazanılan Zəfər xalqımızın özünəinamını bərpa etməklə yanaşı, beynəlxalq müstəvidə Azərbaycana münasibətin dəyişməsinə və Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasına səbəb olub. Onun fikrincə, Azərbaycanın regionda söz sahibi olan dövlətə çevrilməsi xalqla dövlətin vəhdətinin və Ali Baş Komandanın qətiyyətli mövqeyinin nəticəsidir. Pərviz Ağayev elmi fəaliyyətin inkişafı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və gələcəyə sağlam baxışın formalaşdırılmasının cəmiyyətin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını da qeyd edib. Bildirib ki, bu istiqamətlər bir-biri ilə sıx bağlıdır və bilikli, məsuliyyətli, təşəbbüskar gənc nəslin yetişməsinə xidmət edir. “Milli-mənəvi dəyərlərin qorunması və gələcəyin məsuliyyətlə qurulması Vətənə xidmətin mühüm istiqamətləridir. Elmi təfəkkürlə milli məsuliyyəti, mənəvi dəyərləri özündə birləşdirən gənclər həm ölkənin elmi potensialının güclənməsinə, həm də cəmiyyətin tərəqqisinə töhfə verə bilərlər”, - deyə o əlavə edib. Müxbir -Tünzalə Arazlı