Ərdoğan Trampla DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənəcəyinə inandığını bildirib. O, qarşıdakı dövrdə iki ölkə arasındakı münasibətlərə yeni dinamika qazandırmaq üçün çalışacaqlarını vurğulayıb.

Türkiyə Prezidenti İranla ABŞ arasında gərginliyin sona çatmasının və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini qeyd edib. O, Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Ərdoğan, həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib. Türkiyənin bu istiqamətdəki təşəbbüslərə töhfə verməyə davam edəcəyini vurğulayan dövlət başçısı həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacibliyini qeyd edib.