Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qeyri-dövlət sektoru işəgötürənləri üçün sosial sığorta ödənişlərinə dövlət dəstəyi davam edir. 2026-cı ildən subsidiyanın həcmi mərhələli şəkildə dəyişib.

Banker.az saytının verdiyi məlumata görə, 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət sektoru işəgötürənlərinin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 100 faizi dövlət tərəfindən subsidiyalaşdırılıb.

2026-cı il yanvarın 1-dən etibarən isə subsidiyanın həcmi 80 faiz təşkil edir. Bu mexanizmin 2029-cu il yanvarın 1-dək davam etməsi nəzərdə tutulub. Növbəti mərhələdə, 2029–2030-cu illərdə subsidiya 60 faizə, 2031–2032-ci illərdə isə 40 faizə endiriləcək.

Bundan başqa, muzdlu işə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqlarının 10 il müddətinə tam subsidiyalaşdırılması nəzərdə tutulur.

Mərhələli dəstək mexanizmi regionda yeni müəssisələrin yaradılması və məşğulluğun genişləndirilməsi zamanı işəgötürənlərin sosial sığorta xərclərinin azaldılmasına yönəlib. Bu isə xüsusilə fəaliyyətinin ilkin mərhələsində olan müəssisələr üçün əmək xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir.