Deputat: “Ordumuz təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də erməni mifini darmadağın etdi”

"2020-ci il sentyabrın 27-dən başlanan və Azərbaycan xalqının tarixinə şanlı Zəfər salnaməsi kimi yazılan 44 günlük müharibənin başa çatmasından 6 il keçir. Zəfər Günü bizim üçün təqvimdə qeyd olunmuş sıradan bir tarix, sadə bir hərbi qələbə deyil".

Bu fikirləri Moderator.az-a Milli Məclisin deputatı Əli Məsimli bildirib.

Deputat qeyd edib ki, bu gün – ümidlərimizin çin olduğu, otuz illik yurd həsrətinin, ana fəryadının, köçkünlük taleyinin bitdiyi müqəddəs və həm də əsrlərə bərabər bir gündür:

"Bu zəfər, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında olan torpaqlarımızın işğalına son qoyularaq, xalqımızın tarixinə vurulmaq istənilən qara ləkənin qarşısının çox qətiyyətlə alındığı gündür.

İşğal altına düşmüş torpaqların geri alınması dünya tarixində çox nadir hadisə, MDB məkanında isə ilkdir. Azərbaycanın bu möhtəşəm qələbəsi sözlə ifadəsi çox çətin olan milli qürurun və milli iradənin, Azərbaycan xalqının birliyinin və qüdrətli dövlətçilik iradəsinin təntənəsidir.

Bu taleyüklü zamanda xalqın, ordunun və dövlətin nümayiş etdirdiyi möhtəşəm birlik qələbəmizin çox etibarlı təməl daşı oldu. Bu zəfər həm də xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi.

Qəhrəman Azərbaycan Ordusu təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də erməni mifini də darmadağın etdi.

Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də dünya erməniliyi və onun havadarları, Cənubi Qafqazın hərtərəfli inkişafı və tərəqqisi qarşısında maneəyə çevrilmiş qüvvələr üzərində də qələbə çaldı.

Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adını Azərbaycan tarixinin, Azərbaycan xalqının adını isə qalib xalq kimi dünya tarixinin şanlı səhifəsinə yazdırdı.

Azərbaycanın bütün əraziləri üzərində dalğalanan üçrəngli bayrağımız suverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu, Azərbaycan ərazilərinin işğalına, xalqımızın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın, ikili standartların aqibətini ifadə edir".

Əli Məsimli vurğulayıb ki, insan həyatında bir ömrə bərabər anlar olduğu kimi, xalqların və dövlətlərin də tarixində əsrlərə bərabər anlar olur:

"30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad edəndə, hər birimiz bir ömrə bərabər anlar yaşamaqla, həm də birlikdə, tariximizdə əsrlərə bərabər şanlı səhifələr yaratdıq. Həmin səhifələr arasında 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin davamı və qürur gətirən möhtəşəm səhifə kimi tariximizə əbədi yazılan 19-20 sentyabr 2023-cü il xüsusi yer tutur.

Həmin gün Azərbaycanın bütün əraziləri üzərində suverenliyi təmin olundu. Azərbaycan əsgəri hərb tarixinin “44 gün + 23 saat 43 dəqiqə = Azərbaycanın suverenliyinin bərpası” formulunu yaratdı! Azərbaycan Ordusu bu tarixi qələbəsi ilə 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm çoxəsrlik bir problemi həll etdi.

Ona görə də 2023-cü il sentyabrın 19-u və 20-də antiterror əməliyyatı həyata keçirilib suverenliyimizi tam bərpa etdiyimiz həmin günü əsrlərə bərabər gün adlandırmaq olar.

Bu möhtəşəm qələbənin əhəmiyyəti uzun illər həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməyimizlə yanaşı, həm də daha böyük hədəflərə nail olmağa qadir güclü dövlət kimi çıxmağımızdadır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa edərək regionda və beynəlxalq müstəvidə tamamilə yeni geosiyasi reallıqlar yaratmışdır.

Məhz həmin reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mümkünsüz görünən nəticələr seriyasını davam etdirir.

Azərbaycanın yaratdığı reallıqlar artıq regional çərçivə ilə məhdudlaşmır. Bu zəfərin geosiyasi dalğaları regional çərçivələri aşaraq yeni arenaya – qlobal müstəviyə keçmişdir. Azərbaycan bu qələbə ilə regional münaqişə tərəfindən qlobal enerji və logistika arxitekturasında həlledici rol oynayan strateji güc mərkəzinə çevrilmişdir.

İndi Azərbaycan öz inkişaf perspektivlərini reallığa çevirmək imkanlarını ön plana çəkmək şansı qazanıb. Azərbaycanın səyləri nəticəsində Ermənistanın 30 illik işğal dövründə öz havadarlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara, hər qarışı minalanmış döyüş meydanına çevirdiyi ərazilərimiz tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevrilib.

Qarabağa Böyük Qayıdışın başlanması bu zəfərin təntənəsi olmaqla yanaşı, həm də Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu gün Qarabağ yenidən doğulur. Dağıdılmış, yandırılmış, daşı daş üstə qalmamış o torpaqlarda indi yeni bir həyat ucalır.

Dağıdılmış şəhər və kəndlər yenidən tikilir. Füzulidə, Zəngilanda ucalan beynəlxalq hava limanları sanki dünyaya bir ismarıcdır: "Biz qayıtmışıq və bura əbədi bizimdir", çünki “Qarabağ Azərbaycandır”. "Böyük Qayıdış" karvanları ilə yurduna dönən uşaqların gözlərindəki o sevinci sözlə ifadə etmək mümkün olmadığı kimi, o xoşbəxtliyi heç bir siyasi və ya iqtisadi meyarla ölçmək mümkün deyil.

Çünki o gözlərdə daha böyük hədəflərə nail olmağa qadir güclü Azərbaycanın işığı var.

Biz bu zəfəri böyük qurbanlar bahasına qazandıq. Bizim ən böyük və müqəddəs borcumuz bu qələbəni əbədi qorumaqdır. Bundan ötrü xalq və dövlət olaraq birliyimizi bütöv və sarsılmaz saxlamalıyıq.

Çünki bizim gücümüz birliyimizdə, birliyimiz isə Vətən sevgisinin gücü ilə yanaşı, həm də haqlı olmağımızdadır. Bu tarixi qələbənin yaratdığı imkanlardan səmərəli istifadə edilməsi, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinin vüsətinin daha da artırılması, ölkənin davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması və bunun hər bir vətəndaşımızın rifahının davamlı yüksəlişi ilə tamamlanması qarşıdakı dövrün mühüm vəzifələrindəndir.

Bu şanlı qələbənin sevincini yaşamaqla yanaşı, həm də bu yolda canlarından keçən, ölçüyəgəlməz fədakarlıq, heyrət olunası cəsarət, şücaət təcəssümü olan şəhidlərimizi ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Azərbaycanımızın Qarabağda və bütün ərazilərimizdə yüksələn üçrəngli bayrağı həmişə uca, bu sevinci, uğur və qələbələri bizə yaşadan, canını Vətən yolunda fəda edən şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun!

Azərbaycanın müstəqilliyi və suverenliyi əbədidir, dönməzdir!".

Pərvin Şakirqızı

Moderator.az / Redaktor