44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar.
Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən Cavad Quliyev Baku TV-yə müsahibəsində həmin günlərdə qardaşı ilə eyni istiqamətdə xidmət etdiklərini, lakin mövqelərinin bir-birindən aralı yerləşdiyini bildirib.
"Qardaşımla ikimiz də top komandiri idik. Mövqelərimiz arasında təxminən 10-15 kilometr məsafə var idi. Bir gün xidmət etdiyim ərazi topla vuruldu. Bundan sonra qardaşımla əlaqə saxlaya bilmədim. Həmin ərəfələrdə müəyyən təminat vasitələrini aparıb-gətirirdik. Qardaşımın olduğu mövqenin yaxınlığından keçərkən onunla görüşmək qərarına gəldik. Bir-birimizi görən kimi bərk-bərk qucaqlaşdıq. O anı ölənə qədər unutmaq olmaz", - deyə o əlavə edib.
Şəhriyar Quliyev isə həmin gün yaşadığı narahatlığı və qardaşını sağ-salamat gördüyü anın sevincini belə xatırlayır:
"Qardaşımın sağ olub-olmadığı barədə heç bir məlumatım yox idi. Onların olduğu ərazinin atəşə tutulduğunu bildirmişdilər. Çox narahat idim, birdən qarşıma çıxdı: gördüm ki, qardaşım maşından düşür. Həmin an keçirdiyim hissləri, yaşadığım sevinci sözlə ifadə etmək mümkün deyil. Bir-birimizə sarılarkən göz yaşlarımızı saxlaya bilmirdik".