Bakı, 7 noyabr, AZƏRTACAzərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir və kitab sərgisi keçirilib.Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən bildirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən kitabxananın direktoru Mübariz Məmmədli vurğulayıb ki, bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, müasir ordu quruculuğu və xalqımızın birliyi nəticəsində mümkün olub. 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə əldə olunan Zəfər Azərbaycanın inkişaf perspektivlərinin müəyyənləşməsi üçün geniş yol açıb. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu çıxışında Zəfər Gününün respublikamızın hüdudlarından kənarda da böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Almaniyada, İordaniyada, Türkiyədə və bir çox dövlətlərdə tarixi Qələbəmizin ildönümü münasibətilə tədbirlər keçirilir, bəyanatlar yayılır və yürüşlər təşkil olunur. Tədbirdə Azərbaycanın şanlı Zəfər tarixini əks etdirən kitabların əhəmiyyəti və böyük Qələbəmizin gələcək nəsillərə çatdırılmasında kitabxananın və kitabxana işçilərinin xüsusi rol oynadığı vurğulanıb.