Dünyada ərzaq ucuzlaşır, şəkər isə bahalaşır – BMT-dən yeni hesabat

Dünya bazarında ərzaq qiymətlərində oktyabr ayında fərqli tendensiyalar müşahidə olunub. Bir sıra əsas ərzaq məhsulları ucuzlaşsa da, şəkərin qiymətində artım davam edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin oktyabrında dünya ərzaq qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 1,6 bənd azalaraq 133,9-a düşüb.

Hesabata əsasən, taxıl məhsullarının qiyməti 4,5 faiz, ət məhsullarının qiyməti 1,2 faiz, süd məhsullarının qiyməti isə 1,1 faiz ucuzlaşıb.

Süd məhsullarının qiymətindəki azalma əsasən kərə yağı və pendirin beynəlxalq bazarlarda ucuzlaşması ilə əlaqələndirilib. Buna artıq ehtiyatların yaranması və alıcı tələbinin zəifləməsi səbəb olub.

Bununla yanaşı, bitki yağlarının qiymət indeksi sentyabrla müqayisədə 0,3 faiz artıb. Xüsusilə soya yağının qiyməti 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Buna bioyanacaq sektorundan davamlı tələbat və Cənubi Amerikadan mövsümi tədarükün azalması təsir göstərib.

Ən diqqətçəkən bahalaşma isə şəkər bazarında qeydə alınıb. Şəkərin qiymət indeksi ardıcıl dördüncü aydır yüksəlir. Oktyabrda bu göstərici sentyabrla müqayisədə 6,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28,8 faiz artıb. Nəticədə şəkərin qiyməti 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.

Qeyd edək ki, oktyabrın ortalarında BMT ABŞ və İran arasında Hörmüz boğazından gübrə tranziti ilə bağlı razılaşma əldə olunmamasının Asiya və Afrikanın bəzi bölgələrində ərzaq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.