Maaşlarla bağlı yeni təklif: İşçiləri hansı dəyişiklik gözləyir?

Azərbaycanda əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə əməkdaşların böyük əksəriyyətinə əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndən ötürülən məlumatlar əsasında Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçülürməsi nəzərdə tutulur: “Təklif olunan mexanizm çərçivəsində müvafiq ödənişlərin işçinin sərbəst şəkildə seçdiyi elektron hesabına köçürülməsi nəzərdə tutulur”.

“Bu dəyişikliyin nəticəsində əməkhaqqının vaxtında və tam ödənilməsi imkanlarının genişləndirilməsi, ödənişlərdə gecikmə hallarının aşkar edilməsi, eyni zamanda əmək və sosial sığorta ödənişlərinin elektron qaydada həyata keçirilməsi yolu ilə qeyri-rəsmi məşğulluğun və kölgə iqtisadiyyatının qarşısının alınması hədəflənir. Yeni mexanizm işəgötürənlərin inzibati yükünün azaldılmasına, sosial sığorta məlumatlarının avtomatlaşdırılmasına və vətəndaşların öz gəlirləri barədə məlumatlara çıxışının asanlaşdırılmasına imkan verəcək. Bütün bunlar əməkhaqqının ödənilməsində şəffaflığın artırılmasına və bu prosesə elektron nəzarətin gücləndirilməsinə xidmət edəcək”, – deyə o qeyd edib.